- Siyasi müzakirə
- 25 Mart 22:07
- 786
"ABŞ bu şərtləri qəbul etsə, məğlubiyyətini etiraf etmiş olar" – Həşim Səhrablı
"İranın ortaya qoyduğu şərtlər sadəcə “təklif” səviyyəsində deyil, konkret və tələbi xatırladır. Ölkə ABŞ-dan kompensasiya tələb edir, daxili işlərinə müdaxilənin qarşısının alınmasını istəyir və nüvə proqramına qarışılmaması barədə açıq mesaj verir. Yəni bütün bunlar mahiyyət etibarilə tələb xarakteri daşıyır. ABŞ bu tələbləri qəbul etsə, Vaşinqton və İsrail faktiki olaraq mövcud qarşıdurmada öz uğursuzluqlarını tanımış olardı. Belə şərtlər adətən qalib tərəfin məğlub tərəfə diktə etdiyi razılaşma modelinə uyğun gəlir. Bununla birlikdə, müəyyən mövzularda qismən güzəştlərə getmək ABŞ üçün mümkündür. Ölkə hələ də strateji hədəflərinə tam nail olmayıb və proses davam etdikcə istədiyi nəticəni əldə edib-etməyəcəyi sual altındadır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, Möhsün Rzayi açıqlamasında bildirib ki, İran müharibəni dayandırmaq üçün sərt şərtlər irəli sürür. O vurğulayıb ki, bu tələblərə ölkəyə dəyən ziyanın tam ödənilməsi, beynəlxalq sanksiyaların ləğvi, ABŞ-nin İranın daxili işlərinə müdaxilə etməyəcəyinə dair qəti zəmanət və gələcək hərbi əməliyyatların təkrarlanmayacağına dair təminatlar daxildir. Onun sözlərinə görə, bu şərtlər təmin edilməsə, sülh danışıqlarının uğurla nəticələnməsi mümkünsüzdür.
Siyasi şərhçi bildirib ki, ABŞ üçün ən məqsədəuyğun ssenari gərginliyi azaltmaq üçün bəzi məsələlərdə İranla razılığa gəlməkdir.
"Bu halda bəzi tələblər qəbul edilə bilər, amma tam şəkildə hər şeyi qəbul etmək ABŞ üçün məğlubiyyətin rəsmi tanınması demək olardı və həm qısa, həm də uzunmüddətli perspektivdə onun qlobal mövqeyinə ciddi zərbə vura bilər. İranın maksimalist mövqeyi isə danışıqların mürəkkəbləşməsinə səbəb ola bilər. Lakin ehtimal etmək olar ki, Tehran bu strategiyanı hesablanmış şəkildə seçib: geniş tələblərlə çıxış edərək, ən azından bir qisminin qəbul edilməsini təmin etməyə çalışır. Bu yanaşma həm də mesaj xarakteri daşıyır: ya kompromis yolu seçiləcək, ya da qarşıdurma davam etdikcə tələblər daha da sərtləşəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az