Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
Aznews.az xəbər verir ki, bəyanatda bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr bu siyasətin ən qanlı və faciəvi təzahürlərindən biri olub, minlərlə günahsız insanın milli və dini kimliyinə görə qətlə yetirildiyi kütləvi qırğınlar kimi tarixə düşüb:
"Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetiriliblər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlər törədilib.
Bu hadisələr xalqımızın tarixi yaddaşında silinməz iz qoyub. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar həmin ərazilərdə yaşayan azərbaycanlı əhalinin tarixi mövcudluğunu aradan qaldırmağa yönəlmiş məqsədli siyasətin tərkib hissəsi olub".
Bildirilib ki, 1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasında 110, Qarabağda 150-dən çox, Zəngəzur qəzasında 115, Qars vilayətində 98, Quba qəzasında isə 167 kənd yandırılaraq viran edilib, dinc və müdafiəsiz əhali misli görünməmiş qəddarlıqla qətlə yetirilib:
"Arxiv materialları, tarixi sənədlər və digər mötəbər mənbələr bu faciələri danılmaz sübutlarla təsdiq edir. Sağ qalan şahidlərin ifadələri və digər hüquqi sənədlər qətliamların geniş miqyasını ətraflı şəkildə əks etdirir, hadisələrin təsadüfi xarakter daşımadığını, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu sübuta yetirir. Aparılmış araşdırmalar və hüquqi təhlillər törədilmiş cinayətlərin beynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayəti olduğunu sübut edir.
1918-ci ilin mart-aprel hadisələri zamanı mülki əhalinin milli və dini mənsubiyyətinə görə sistemli şəkildə qətlə yetirilməsinə və soyqırımı cinayətlərinə beynəlxalq miqyasda təəssüf ki, hələ də ədalətli mövqe bildirilməyib.
Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə beynəlxalq təşkilatlar və BMT-nin üzv dövlətləri prinsipial mövqe bildirməli və 1918-ci il hadisələrini soyqırımı kimi tanımalıdır", deyə bəyanatda vurğulanıb.