“Ana dilimdə danışdığıma görə məni ayaqyalın qarın içində saxlamışdılar” “Ana dilimdə danışdığıma görə məni ayaqyalın qarın içində saxlamışdılar”
  • Hadisə
  • 14 Fevral 2019 17:52
  •  7 621

Sovet dövründə “Araz” şeiri yazanlar indi “Araz” kafesində araq içirlər - Sayman Aruzla “Cümlə axşamı”nda

“Ana dilimdə danışdığıma görə məni ayaqyalın qarın içində saxlamışdılar”

AzNews.az “Cümlə axşamı”nda Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruzla müsahibəni təqdim edir.

- Sayman bəy, Güney Azərbaycan ədəbiyyatı dedikdə, hansı dövr nəzərdə tutulur? Çünki nəzər yetirsək, görərik ki, ədəbiyyatımızın əhəmiyyətli hissəsi elə Güneylə bağlıdır: Şəms Təbrizi, Saib Təbrizi, Xətib Təbrizi, Xətai...

- Doğru buyurursunuz. Ona görə də mən həmişə deyirəm ki, gəlin Cənubi Azərbaycan deməyək, Azərbaycanın cənubu deyək. Bu, çox vacib məsələdir. Çünki Cənubi Azərbaycan deyəndə belə başa düşülür ki, guya biz ayrı ədəbiyyat olmuşuq, orda başqa bir ədəbiyyat formalaşıb, burda ayrı. İndi biz onu tanımalıyıq. Halbuki, sizin də dediyiniz kimi, son yüz ili nəzərə almasaq, elə XX əsrin əvvəllərinə qədər bir və bərabər ədəbiyyat böyütmüşük. Məndən soruşursunuzsa, Cənubi Azərbaycan ədəbiyyatını heç bir dövrə bölmərəm. Mən əsasən İranda Qacarlar devriləndən sonra yaranan və gizli qalan, arxivlərdə olan ədəbiyyatı Cənubi Azərbaycan kateqoriyasına aid edirəm. Bu gün mən çalışıram orda ədəbiyyat yaradan azərbaycanlıların da əsərlərini tapıb üzə çıxarım. Baxın, bu gün doqquz milyonluq Azərbaycanımızın mədəniyyətinə kifayət qədər vəsait sərf edilir. Nəzərə alsaq ki, Cənubi Azərbaycanda bunların heç biri yoxdur. Görün onda nə qədər vəsait, iş, vaxt sərf olunmalıdır ki, Arazın o tayınadakı ədəbiyyat da bu tayındakı ədəbiyyatla bərabər və ədalətli şəkildə dayana bilsin.

- Bərabər deyərkən, kəmiyyəti nəzərdə tutursunuz, ya keyfiyyəti?

- Əsasən kəmiyyəti nəzərə alıram, çünki elə başa düşməyək ki, Cənubda ədəbiyyat yoxdur. Müasir İran ədəbiyyatının əsasını qoyan Həbib Sahir elə azərbaycanlıdır. Bir çox şairlərimizi nəzərə alsaq, görərik ki, orda keyfiyyətli ədəbiyyat var. Bir məsələni də deyim ki, İranda fars ədəbiyyatını yaradanlar həm də azərbaycanlılar olublar. Məsələn, fars şeirinin ən zirvəsində dayanan, hətta Nobel mükafatına da namizəd olan Əhməd Şamlu var. Və ya fars şeirində bayrağını hələ də yerə qoymayan Furuğ Fərruxzad var.

- Bildiyim qədəri ilə Furuğ fars şairi kimi tanınır.

- Tehranda doğulan azərbaycanlı idi, sonra Təbrizə köçdü, orda “Ev qaradır” filmini çəkdi. O, sadəcə farsca yazıb. Bu, o demək deyil ki, farsdır. Əgər Furuğu fars şairi adlandırsaq, onda gərək Xaqanini, Nizamini, başqalarını da fars şairi adlandıraq.

- Gəlin orta əsrlərlə müqayisə aparmayaq. İndi əlimizin altında ən müasir informasiya vasitələri var. Təbliğat elə aparıla bilər ki, ən azı Azərbaycanda, Türkiyədə Furuğun fars olmadığı bilinər. Necə ki, Şəhriyarın azərbaycanlı olduğu Türkiyədə, başqa ölkələrdə bilinir.

- Çünki Şəhriyarın Azərbaycanca da şeirləri var. Furuğ özü müsahibələrindən birində deyir ki, mən şeirlərimin vəznini Şəhriyarın “Heydər baba”sından götürmüşəm. Bilirsiniz, Pəhləvi dönəmindən sonra türk dilinə basqılar vardı. Məktəbdə türk dilində danışanı döyürdülər, maddi cəza verirdilər. Mənim özümü məktəbdə azərbaycanca danışdığıma görə qarın içində bir saat ayaqyalın saxlamışdılar. Əllərimi qara basıb, sonra çubuqla vurmuşdular. Bilirsiniz, o cür mühitdə Furuğun farsca yazması təbiidir.

- Bu gün Cənub ədəbi mühiti ilə qovuşmamağımızın səbəbləri nədir, hansı əngəllər var?

- Əngəl yalnız sistemin yaranmamasındadır. Burda İran faktoru da var, onu nəzərə almaq lazımdır. Bilirsiniz, Güney məsələsində bir sistemlilik olmalıdır. Baxın, Akademiyada da Cənubi Azərbaycan Şöbəsi var, Yazıçılar Birliyində də, Folklor İnstitutunda da, başqa yerlərdə də. Bu şöbələrin heç birinin bir-biri ilə əlaqəsi yoxdur. Bundan başqa, hər şeyin başında maddiyyət dayanır. Əgər biz Cənubi Azərbaycanla əlaqələr yaratmaq istəyiriksə, vəsaitə ehtiyacımız olacaq. Bizim jurnallarımız, saytımız olmalıdır, kitablar çıxmalıdır, o taylı-bu taylı şair və yazıçıların görüşlərini təşkil etmək lazımdır. Uşaqları oradan bura gətirib Azərbaycan dilində oxudaq, kadr yetişdirək.

- Gəlmirlər?

- Gəlirlər, amma burda oxuyandan soran qayğı görmürlər, küsüb gedirlər, ora gedəndən sonra da onlarda Quzey haqqında bədbinlik yaranır.

- Məncə, ortaq əlifbanın olmaması da bir problemir. Biz əski əlifbanı oxuya bilmədiyimiz kimi, onlar da latın qrafikasını oxuya bilmirlər.

- Yox, onlar oxuya bilirlər. Çünki orda məktəblərdə ingilis dili öyrədilir. Əgər biz əski əlifbadan imtina etsək, onda klassik ədəbiyyatımızı, mədəni irsimizi oxuya bilmərik. Əksinə, mən təklif edərdim ki, Azərbaycan məktəblərində əski əlifba tədris edilsin. Mən bunu Təhsil Nazirliyinə təklif edirəm. Əski əlifbanı bilən yeni nəsil Güneydə yaranan ədəbiyyatı daha yaxşı başa düşəcək. Biz Nəsimini, Füzulini, ümumiyyətlə, klassik ədəbiyyatımızı əski əlifbada oxusaq, daha yaxşı anlayacağıq.

- Sayman bəy, dediniz ki, cənubda latın qrafikasını rahat oxuya bilirlər. Belə çıxır, istəsələr, burada çap olunan kitabları oxuyarlar?

- Məsələ burasındadır ki, Cənubi Azərbaycanda ana dilində təhsil yoxdur deyə, ana dilinə maraq da azdır. Amma ədəbiyyata marağı, diqqəti olan kütlə Quzeydəki şair və yazıçıları tanıyır, oxuyur.

- Bəs biz Güneydəki şair-yazıçıları necə tanıyırıq?

- Çox zəif tanıyırsınız. Orada bir təşnəlik var, hamı ana dilində oxumaq istəyir, ancaq burada bir arxayınlıq var. Sovet dövründə gündə Arazdan şeir yazan şairlər bu gün Araz kafesində araq içirlər. Və Azərbaycanı bir bayraq kimi döşlərinə taxıb gəzdirirlər. Halbuki Azərbaycan ərazisinin böyük hissəsi oradadır, azərbaycanlıların böyük əksəriyyəti orada yaşayır, mədəniyyət abidələrimizin, tariximizin böyük hissəsi oradadır. Şərqin ilk kitabxanası harada olub? Təbrizdə! İlk universiteti harada olub? Təbrizdə!

- Axırıncı dəfə burada hansı güneyli şair-yazıçının kitabını çap etmisiniz?

- Biz davamlı olaraq güneyli şairləri şap edirik. Axırıncı dəfə Saleh Səccadinin kitabı çıxdı. Bundan başqa, şeir antologiyası çıxdı. Mən son ildə otuzdan çox cənublu şair-yazıçının əsərini burda çap etmişəm: Rəsul Yunanın, Nigar Xiyavın, Kiyan Xiyavın... Biz bunları davamlı şəkildə, öz vəsaitimiz hesabına edirik.

- Cənubda hazırda parlayan şair-yazarlar kimdir?

- Mən elə Saleh Səccadini vurğulaya bilərəm. Həm qəzəldə, həm hecada, həm də nəsrdə olduqca güclü qələmi var. Ondan sonra Səid Muğanlı, Aydın Araz, Duman Ərdəm və başqaları var.

- Bunlar şairdirlər?

- İçlərində nasirləri də var. Hamid Əhmədi adlı yazıçı var. Əgər burada yaşasaydı, çox tanınmış yazıçılardan hesab edilərdi.

- Roman yazır?

- Əsasən hekayəçidir.

- Burada əsərləri çıxıb?

- Yox, çıxmayıb. Mən burada Rüqəyya Kəbirini tanıtdırdım. O vaxt “Ədəbi Azadlıq” müsabiqəsinə bir əsərini verdik, qalib gəldi. Açığı, ad saymaqla yadımızdan çıxan adamların xətrinə dəyə bilərik. Ancaq mən sizə deyim ki, Güney Azərbaycan ədəbiyyatı elə bir səviyyəyə gəlib ki, onun mütləq burada bir strukturunu yaratmalıyıq. Yoxsa, biz o qüvvəni itirə bilərik, yaxud düşmənlər onları əleyhimizə işlədə bilərlər.

- Buradakı ədəbiyyatla müqayisədə Güneydəki ədəbiyyatın hansı xüsusiyətləri var?

- Açıq danışası olsaq, Cənubi Azərbaycan ədəbiyyatı bir az daha təfəkkürə və ideologiyaya meyilli ədəbiyyatdır. O da təbiidir. Bu tay ədəbiyyatı isə çox arxayın ədəbiyyatdır. Mən təəccüb edirəm ki, niyə Qarabağ qədər böyük dərdi olan xalqın sevgilərində siyasət yoxdur. Məsələn, heç bir qızın gözünü, saçının qaralığını Qarabağa bənzətmədilər. Qarabağın o qədər ağrısı-acısı şeirlərə yansımadı.

- Məgər Cənub ədəbiyyatında yansıdı?

- Yansıdı. Mən bir şairin şeirində gördüm, yazır ki, səndə Xocalını yaşayıram, sən məni soyqırım edirsən. Mənə maraqlı gəldi ki, Xocalı gör buna nə qədər təsir edib ki, sevgilinin qucağında məhv olmağı soyqırıma bənzədib. Bizim cənubluların Qarabağ məsələsinə bu qədər diqqətli olduqlarını gözləməzdim. Aprel döyüşlərində mənə saysız-hesabsız təkliflər oldu ki, biz müharibəyə gəlirik. Ali baş komandan desin, elə İrandan Qarabağa girək. Yəni xalq o səviyyədədir. Və bu taydan da qayğı gözləyir. Mən yenə də deyirəm, bu, siyasi qayğı olmaya da bilər. Amma ədəbiyyat və mədəniyyəti mütləq himayə çətirinin altına almaq lazımdır. Mən həmişə deyirəm ki, ya Cənubi Azərbaycan mədəiyyət mərkəzi yaradılmalıdır, ya da Yazıçılar Birliyinin tərkibində bu strukturu genişləndirmək lazımdır.

- Olmazmı ki, bu işləri gücləndirmək üçün Güney Azərbaycan üzrə katiblik də yaradılsın?

- Hər bir ziyalı bunun əhəmiyyətini dərk edir. Görürəm ki, bu, artıq dövrün tələbi kimi özünü büruzə verir. Kimsə düşünə bilər ki, bunu Sayman özü üçün edir. Yox, biz ömrümüzü mübarizələrdə, zindanlarda keçirən fədailərik. Mənim üçün ən vacibi dövlət və dövlətçilikdir. Məndən bu barədə soruşulanda deyirəm ki, bizim sədrimiz Anar müəllimdir, nə vaxt məsləhət bilər, onda da olar. Anar müəllim Cənubi Azərbaycan ədəbiyyatına yad adam deyil, bura qədər gəlib çatmışıqsa, şəxsən Anar müəllimin diqqəti və qayğısı nəticəsində gəlib çatmışıq.

- Orada çap prosesi nə yerdədir? Güneylilər çap oluna bilirlər?

- İmkanlar məhduddur. Düzdür, fars dilində kitab çap eləmək türk dilində çap eləməkdən rahatdır. Amma onun özü də müəyyən senzura ilə qarşılaşır. İran Mədəniyyət Nazirliyinə müraciət edirsən, kitabını oxuyurlar, bəzi sözləri, cümlələri çıxarırlar, xülasə, üstündən aylar, illər keçəndən sonra kitabının çapına bəlkə iczə verələr. Türk dilində yazmaq da orada dövlət tərəfindən dəstəklənmir.

- Bəs bizim yazıçıların kitabları İranda hansı şərtlərlə çıxır?

- Biz son on ildə 57 Quzey Azərbaycan yazarının kitabını Güneydə çıxarmışıq. Bu yaxında Səlim Babullaoğlunun şeirlər kitabı İranda çap olunub. Və ya mən Anar müəllimin yeddi kitabını İranda çap eləmişəm.

- Bu kitablar farsca çıxıb?

- “Göz muncuğu” ilə, “Dantenin yubileyi” farsca çıxıb.

- Yəqin bizim yazıçıların orada çıxan kitablarına da senzura tətbiq olunur; əsasən hansı məqamlar mətndən çıxarılır?

- Milli məsələlər birmənalı, Qarabağla bağlı məsələlər, “Tanrı” sözü kitabdan çıxarılır. Çalışırlar ki, azərbaycançılıq, Azərbayacanın tarix və millətinə aid bir çox məsələləri, şərab, araq sözlərini çıxarsınlar.

- İranın bir yazıçısı da var. Qulamhüseyn Saidi. O, güneylidir, eləmi? Onun haqqında belə deyirlər ki, maqik realizmdə ilk əsəri Markesdən qabaq o, yazıb.

- Saidi Təbrizlidir. O, sözü də ilk dəfə mən yaymışam. Bu fikri Markesin öz müsahibəsində oxumuşam. Markes Pyerlaşen məzarlığına, Qulamhüseyn Saidinin məzarı üstünə gedir. Və deyir ki, mən bu kişinin əsərinin oxuyandan sonra onu kimi yazmağa başladım. Onun “Bəyəldə yas” əsəri dünyanın müxtəlif dillərinə tərcümə edilib.

- Dünyada da məşhur olan bu cənublu yazıçının “Bəyəldə yas” əsəri dilimizə tərcümə olunubmu?

- Mənim qabağıma çıxmayıb.

- Məncə, siz Güney Azərbaycan şöbəsi olaraq bu on ildə o əsəri çap etməli idiniz.

- Əgər şöbə olaraq imkanlarımızı nəzərə alsanız, görərsiniz ki, xeyli iş görmüşük. Qulamhüseyn Saedi adlı bir insanı burada çap eləmək üçün əvvəla tərcüməçiyə vəsait ayırmaq lazımdır, bundan başqa kitabın xərcləri var. Amma Güneydə çıxan kitablar üçün tərcüməçilər əsasən qonorar istəmirlər və bizim üçün nisbətən ucuz başa gəlir.

- Sayman bəy, son olaraq fikrinizi necə yekunlaşdırardınız? Nə etməli ki, bizim Güneydəki ədəbiyyat burada, burdakı ədəbiyyat orada tanınsın?

- Güney Azərbyacanda şeirimiz xalqımızın gen yaddaşına çevrilib. Biz bunun məsuliyyətini dərk etməli, ona görə də Güneydəki ədəbiyyatımıza sahib çıxmalıyıq.

Mirmehdi
AzNews.az