Erməni vəkil Azərbaycandan Avropa Məhkəməsinə şikayət edəcək

Azərbaycan həbsxanasında intihar edən erməni təxribat qrupunun üzvü Manvel Sarıbekyanın vəkili məhkəmə yolunda

2010-cu ildə Azərbaycan həbsxanasında intihar edən erməni təxribat qrupunun üzvü Manvel Sarıbekyanın vəkili, Avropa Konvensiyası üzrə mütəxəssis Ara Kazaryan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. "NEWS.am" bu barədə Ara Kazaryana istinadən məlumat verib.

Ötən ilin noyabrında Avropa Məhkəməsinə göndərdiyi məktuba cavab almadığını deyən vəkil təkrar müraciət etməyi qərara alıb.

Qeyd edək ki, 2010-cu il sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Sarıbekyan da saxlanılmışdı.
Həmin il oktyabrın 5-də Azərbaycan Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun birgə məlumat yayaraq Sarıbekyanın gecə saat 3-də intihar etdiyini bildirib. Fakt üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları, məhkəmə tibb eksperti və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış və meyitin xarici müayinəsi keçirilib. Müəyyən olunub ki, Manvel Sarıbekyan müvəqqəti saxlanma yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.

Ancaq Ermənistan intihar xəbərini şübhə altına alıb. 4 noyabrda Sarıbekyanın cəsədi erməni tərəfinə təhvil verilib.

Elnarə Əlosmanqızı
AzNews.az