Qabil Hüseynli bugünkü mitinqdən danışdı

Bu gün Ermənistanda prezident Serj Sərkisyanın inaqurasiya mərasimi keçiriləcək. Seçkilərin saxtalaşdırıldığını iddia edən erməni müxalifəti isə bu gün İrəvanda izdihamlı mitinq təşkil etmək niyyətindədir.

Seçkilərdə ikinci olan müxalifətin namizədi Raffi Ovannisyan bu günkü aksiyaya bir milyon insanın qatılacağını vəd verib. Bununla belə, Raffi Ovannisyanın təşkil edəcəyi mitinqə başqa müxalifət partiyalarının qoşulmayacağı gözlənilir.

İki aydan çox Ermənistanda davam edən siyasi gərginliyin gələcək prespektivi isə böyük ölçüdə bu gün keçirilən mitinqdən asılı olacaq. Ermənistandakı vəziyyəti şərh edən politoloq Qabil Hüseynli AzNews.az-a açıqlamasında düşmən ölkədə hər şeyin bitdiyini, saxta seçki nəticəsində prezident seçilən Sərkisyanın növbəti beş ildəki hakimiyyətinə müxalifətin təsir edə bilməyəcəyini dedi:

"Bu gün Ermənistanda keçirilən seçki marafonuna yekun vurulacaq. Müxalifət bu gün mitinq təşkil etsə də, bunun çox şeyi dəyişəcəyini güman etmirəm. Çünki Ovannisyanın partiyası kifayət qədər güclü deyil. Müxalifətdə olan başqa partiyalar da ona dəstək vermir. Seçkilərin saxtalaşdırılması və Rusiyanın indiki Sərkisyan hakimiyyətini dəstəkləməsi müxalifətin bu günkü aksiyasının da nəticə verməyəcəyini deməyə əsas verir. Ola bilər ki, Ermənistanda bu gərginlik müəyyən müddət davam etsin. Ancaq bu Sərkisyan hakimiyyətini zəiflədəcək gücdə olmayacaq".

Ermənistanın güclü müxalifət partiyalarının seçki marafonuna qoşulmamasının səbəbibini Rusiya amili ilə izah edən Qabil Hüseynlinin sözlərinə görə, Serj Sərkisyanın hakimiyyətindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də nəsə gözləmək olmaz: "Ermənistan sulh danışıqlarında bundan sonra daha sərt mövqe tuta bilər. Ola bilsin ki, o bundan sonra danışıqlarda Dağlıq Qarabağ separatçı rejiminin də iştirakı məsələsində daha sərt davransın. Bu baxımdan da Ermənistandakı saxta seçki nümünəsi Cənubi Qafqaz üçün yaxşı bir şey vəd etmir".

Elmidar
AzNews.az