Sabiq deputatın 7 milyonluq qalmaqalı


Qazaxstanın sabiq deputatı Baxıt Sızdıkova "Nur Otan" ("Vətənin İşığı") hakim partiyasından uzaqlaşdırmasına səbəb olan 7 million tenge (təqribən 40 000 AZN) borcu haqqında məlumat verib. O, Astanada keçirdiyi mətbuat konfransında qeyd edib ki, həqiqətən həmin pulu partiyanın xəzinəsindən alıb və həmin zaman çətin maddi vəziyyətdə olan "Şən və Hazırcavablar Klubu"nun yığma komandasının ehtiyaclarına xərcləyib.

Qazaxstanın "Tengrinews.kz" saytı məlumat verir ki, sabiq deputat pulu borc olaraq 2008-ci ildə "Gələcək Qazaxıstan uğrunda" gənclər təşkilatının sədri olanda götürüb. O, "Nur Otan" Partiyasının rəhbərliyindən borcun qaytarılma müddətinin uzadılması və ya gənclər təşkilatına göstərilən yardım kimi sənədləşdirilməsini xahiş etsə də buna nail ola bilməyib. Hazırda faizi ilə birlikdə borcun ümumu məbləği 15 milyon tenge təşkil edir.

Sızdıkova borcun nə zaman qaytaracağına aydınlıq gətirməyib.
Qazaxstanın "Şən və Hazırcavablar Klubu"nun yığma komandasının kapitanı öz növbəsində Sızdıkovanın dediklərini təsdiq edib. Bildirib ki, həmin pullar komandanın yüksək liqada iştirakına yönəldilib: "Biz pulu müəyyən insanların vasitəsi ilə götürürdük, bizi dəstəkləyən sponsorlar var idi, lakin onlar vəzifələrini dəyişdikdən sonra biz dəstəksiz qaldıq".

Qeyd edək ki, Sızdıkova 18 sentyabrda hakim partiyanın üzvlüyündən çıxarılıb. Borcun ödənilməməsindən əlavə o, partiya biletinin korlanması və üzvlük haqqının ödənilməməsində günahlandırılır. Sabiq deputat partiya sıralarından xaric olunmasını "müəyyən funksionerlərin iradəsi" kimi qiymətləndirərək ölkə prezidenti Nursultan Nazarbayevdən mövcud vəziyyətin ədalətli araşdırılmasını xahiş edib.

Elnur
AzNews.az