Azərbaycan DİN-i Rusiya mətbuatında yazılanları təkzib etdi

"Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov Azərbaycanda qətl ittihamı ilə axtarışda deyil".

Bu barədə Azərbaycan DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov apa-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, bu gün bəzi Rusiya KİV-də Moskvanın Qərbi Biryulevo rayonunda törədilən qətldə Rusiya hüquq-mühafizə orqanları tərəfindən şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun adı hallanır və iddia olunur ki, bu şəxs guya Azərbaycanda da qətl hadisəsi törədib: "Əslində isə Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən belə bir şəxs axtarışa verilməyib və Orxan Zeynalovun Azərbaycanda məhkumluğu da olmayıb. Rusiya hüquq mühafizə orqanları onun barəsində Azərbaycanın Daxili İşlər Nazirliyinə bu günə qədər heç bir sorğu göndərməyib. Belə bir müraciət daxil olacağı təqdirdə, sözsüz ki, müvafiq qaydada həmin müraciətə baxılacaq".

Qeyd edək ki, Y.Şerbakovun bazar günü qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub. Moskva sakini Yeqor Şerbakovun ölümündə Azərbaycan vətəndaşı Orxan Zeynalov şübhəli bilinir. Moskva hökumətinin bu gün keçirilən iclasında Moskva şəhər Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin bildirib ki, Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov Azərbaycanda qətl ittihamı ilə axtarışdadır.

AzNews.az