Ramilə Əliyeva prezident seçkilərinin nəticələrini şərh etdi Ramilə Əliyeva prezident seçkilərinin nəticələrini şərh etdi

“Mənfi olaylarda azərbaycanlılardan istifadə ediblər“

Ramilə Əliyeva prezident seçkilərinin nəticələrini şərh etdi




Gürcüstan baş naziri Bidzina İvanaşvili hökumətində nazir vəzifəsinə namizədliyi irəli sürülmüş, Gürcüstanda prezident seçkilərində qalib gələn Giorgi Marqvelaşvilinin seçki qərargahının üzvü, gənc azərbaycanlı siyasi-ictimai fəal Ramilə Əliyeva Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələri, bunun Gürcüstanda yaşayan azərbaycanlılara, azərbaycanlıların problemlərinə, Gürcüstan-Azərbaycan əlaqələrinə təsirləri barədə Deyerler.Org-a müsahibə verib.

- Ramilə xanım, Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini necə dəyərləndirirsiniz? Bu nəticələr Gürcüstan azərbaycanlılarının həyatına necə təsir göstərəcək. Saakaşvili azərbaycanlıların problemlərini nə dərəcədə həll edə bildi? Yeni prezident bu yöndə nə kimi addımlar atacaq?

- 9 il ərzində baş verən müsbət və mənfi olaylarda azərbaycanlıları da istifadə etdilər. Onlar da asan üsulla sənədlərini ala bildilər, yeni biznesi 10 dəqiqəyə qeydiyyatdan keçirdilər, adi vətəndaşlar üçün yaradılmış təhlükəsiz mühitdə yaşaya bildilər. Eyni zamanda azərbaycanlılar da siyasi məhbus oldular, yalandan həbs edildilər və s. Əgər bu gün biz deyiriksə ki, torpaq problemi var, dövlət dilini azərbaycanlılar bilmirlər, inteqrasiya məsələlərində çox az iş görülüb, məscidlər məsələsi ağır olaraq qalır, demək bir elə də çox iş görülməyib. Bu üzdən yeni hakimiyyət və prezident bu məsələlərin həlli üçün hazır olmalıdır. Ümid edirəm ki, bu məsələlərin həllinə düzgün yanaşma olacaq. Ümumilikdə isə, prezident seçkilərinin nəticələrini olduqca müsbət dəyərləndirirəm. Gürcülər öz gələcəklərinə səs verdilər.

- Azərbaycanın sərhəd qonşusu olan Gürcüstandakı bir çox dəyişikliklərin birbaşa və ya bilavasitə ölkəmizə də müəyyən təsirləri olur. Bu baxımdan Gürcüstanın müasir tarixindəki ən önəmli məsələlərdən olan prezident seçkiləri Azərbaycan-Gürcüstan əlaqələrinə nə kimi təsir edəcək?


- Bu iki dövlətin strateji partnyorluq və dostluq əlaqələrinin daimliyi regionda sabitliyin və inkişafin bir növ zəmanətidir. Buna görə də Gürcüstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanla müsbət, dostluq və partnyorluq əlaqələri daim qorunub saxlanılmalıdır. Giorgi Marqvelaşvilinin Azerbaycana dair siyasi kurs məsələsi isə bəllidir. Marqvelaşvili Azərbaycanla hər şəkildə dostluq və siyasi partnyorluq əlaqələrini qoruyub saxlayacaq, inkişaf etdirəcək.

- İki ciddi fiqurun - Saakaşvili və İvanişvilinin siyasətdən getməsi Gürcüstan siyasətinə nə kimi təsir edə bilər?

Saakaşvilinin siyasətdən getməsini demək düzgün olmazdı. O sadəcə artıq Gürcüstan prezidenti deyil. Amma "Milli Hərəkat" partiyasının lideridir. Düşünürəm ki, partiyasının güclənməsi və yenidən vəzifəyə gəlməsi üçün çalışacaq. Xüsusilə də bunu Gürcüstanda yerli bələdiyyə seçkilərində görə biləcəyik.

İvanişvilinin siyasətdən getmək məsələsinə gəldikdə isə, bu çox düşündürücüdür, çunki onun Gürcüstan əhalisi arasında reytinqi, hörməti və ona olan sevgi çox böyükdür. Şəxsən mən onun siyasətdən belə tez getməsini istəməzdim, belə ki, o bu gün Gürcüstanı birləşdirən şəxsdir.

AzNews.az