Ukraynada həbs edilən qatil azərbaycanlı kimdir?

Ukraynada Milli Rabitə Akademiyasının 3-cü kurs tələbəsi olan Azərbaycan vətəndaşının qətl törətməkdə şübhəli bilinərək həbs edildiyi xəbəri təsdiqlənib.

Adı açıqlanmayan həmyerlimiz Dvoryanskiy küçəsində 26 yaşlı şəxsi bıçaqla öldürməkdə şübhəli bilinir. Hadisə barədə polisə təcili tibbi yardımdan xəbər veriblər. Onlar xəsarət alan şəxsdə kəsici və deşici xəsarətlərin olduğunu bildiriblər.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, səhər saat 5 radələrində 2 nəfər tələbə yataqxanasının yanından keçərkən onlardan birinin mobil telefonu zəng çalıb. Bu vaxt telefon sahibi zəng edəni eşitmədiyindən söyüş söyməyə başlayıb. Həmin vaxt diskotekadan gələn tələbələr yataqxananın qarşında yığışıb söhbət edirlərmiş.

Naməlum şəxsin telefonla söyüşlə danışmasını özünə təhqir kimi qəbul edən isə bizim həmyerlimiz olub. Onlara irad bildirdikdən sonra tərəflər arasında mübahisə başlayıb və həmyerlimiz 26 yaşlı şəxsə bıçaqla zərbə endirib. Təqsirləndirilən şəxs artıq həbs olunub və onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Ukrayna qanunvericiliyinə görə, 26 yaşlı həmyerlimizi 7 ildən 15 ilə qədər ciddi cəza gözləyir (APA).

Xatırladaq ki, bu qətl hadisəsi ilə bağlı məlumatı "Axar.az" Ukraynadakı mənbələrə istinadla yaymışdı. Məlumatda qeyd edilirdi ki, hadisə Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfər etdiyi gün baş verib. O da vurğulanırdı ki, bu faktdan sui-istifadə edərək, milli hissləri qızışdırmağa çalışan və bir müddət əvvəl Kiyev və Xarkovda peyda olan skinhedlərin qarşısını almaq üçün Ukrayna hakimiyyətinin xüsusi polis qüvvələrindən istifadə edilib.
Həmin vaxt Dövlət Diaspor Komitəsi bu xəbəri təkzib etmişdi.

Bundan sonra isə Axar.az məlumatın dəqiqliyini sübut etmək üçün hadisəni törədən şəxsin kimliyini də yazmışdı. Yazıda qeyd olunurdu ki, qətli törədən şəxs isə Yevlax şəhərində anadan olan Məhəmməd Allahverdiyev adlı tələbədir və onun M.Allahverdiyev barəsində cinayət işi qaldırılıb.

AzNews.az