- Köhnə - Region
- 19 Dekabr 2013 15:25
- 6 524
“Ərdoğanla Gülən arasında gizli koalisiya mövcuddur” – Fazil Mustafa
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib. O deyib ki, klassik hakimiyyətlərdə bu həbslərlə bağlı hökumətin məlumatlandırılmasına ehtiyac zəruri olsa da, bu baş verməyib. Belə olan təqdirdə burada şübhəli məqamlar ortaya çıxıb. F. Mustafa qeyd edib ki, yaxın bir həftə ərzində kimin-kim olduğu bəlli olacaq: "Güc isə baş nazir Ərdoğan tərəfindədir. Hazırda Ərdoğan hökuməti bu məsələnin üzərinə daha kəskin şəkildə gedir. Məqsəd isə dövlət işində güc mərkəzinin aradan qaldırılmasıdır. Türkiyə cəmiyyətində belə bir fikir var ki, bu hakimiyyət iki model üzərində qurulub, milli görüş və camaat sistemi. Bu konflikt əslində üzə çıxmaqda idi. Xüsusən, dərsanə məsələsində baş verənlər hökumətə qarşı müəyyən qıcıq yaratmışdı. Fətullah Gülən tərəfindən isə açıqlama verildi ki, onun adının hallanması doğru deyil. Təbii ki, bunun nə dərəcədə əsaslı olub-olmaması yaxın günlərdə bəlli olacaq". F. Mustafa əlavə edib ki, R.T. Ərdoğan hakimiyyəti daha çox nəqşibəndi təriqəti üzərində milli görüş fəlsəfəsini mənimsəyən, Ərbakan məktəbinin davamçılarıdırlar. Bu hökumət Avropa ilə təması olan İslama üstünlük verirlər. Digər tərəf isə ABŞ-la təması olan sistemi dəstəkləyirlər: "Biri camaatlaşma, digərləri isə sırf siyasətə indekslənmiş hərəkatdır. Yəni adıçəkilən tərəfləri bir-birindən ayıran xətlər var. Ona görə də Ərdoğanı Fətullah Gülənin davamçısı hesab etmək düzgün yanaşma deyil. Sadəcə arada gizli koalisiya mövcuddur. Bu əməkdaşlıq da 2000-ci ildə uğur qazandı".
Deputat əlavə edib ki, baş verənləri R.T. Ərdoğan hökuməti üçün narahatlıq hesab etməmək də olar: "Bəzən bir problemin həlli üçün əks tərəfin həmləsini gözləyərsən ki, o sənə hücum üçün imkan yaratsın. İndi bunu bəhanə edərək, sərt addımlar atmağa davam edən Ərdoğan hökuməti hakimiyyəti qorumağa çalışacaq".
Məhəmməd
AzNews.az