İranın baş nüvə müzakirəçisi Moskvada səfərdədir

İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı Rusiyada səfərdədir.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, səfərdə məqsəd martın 17-19-da Vyanada İranla "altılıq" ölkələri arasında keçirilməsi planlaşdırılan nüvə müzakirələri ilə bağlı danışıqlar aparmaqdır.

Bu gün A.Əraqçı Rusiyadakı görüşlərini bitirdikdən sonra Çinə gedəcək. Məlumatda həmçinin bildirilir ki, martın 12-də Moskvada İran və Rusiyanın baş nüvə müzakirəçiləri arasında 5 saatlıq görüş olub.

A.Əraqçı Sergey Ryabkovla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib ki, Rusiya və Çin ilə daima nüvə məsələsində məsləhətləşmələr və görüşlər həyata keçirilir və bundan sonra da davam edəcək: "Artıq nüvə müzakirələri getdikcə daha da ciddiləşir. Ona görə də ciddi diplomatiya tələb edir. S.Ryabkov ilə görüşdə də İranla "altılıq" ölkələri arasında gələn həftə keçiriləcək nüvə müzakirələrinin əsas mövzuları, o cümlədən uranın zənginləşdirilməsi, səviyyəsi, bəzi Qərb ölkələrinin Ərak ağır su nüvə reaktoru ilə bağlı narahatlıqlarının aradan qaldırılması və nüvə enerjisindən dinc məqsədlər üçün yararlanması kimi məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb".

İran rəsmisi nüvə müzakirələrindən əvvəl atmosferin müsbət olduğunu da vurğulayıb: "Bölgə və Qərb ölkələri içərisində İranla "altılıq" ölkələri arasındakı nüvə müzakirələrini uğursuzluğa uğratmaq istəyən bir sıra ünsürlər var. Ancaq bütün bunlara baxmayaraq, hazırda bütün tərəflərin üzərində ciddilik atmosferi var. "Altılıq" ölkələrinin müzakirələrdə ciddi olması və yaxşı niyyətlə hərəkət etməsi vəziyyətində yekun razılaşmanın əldə olunması ehtimalı yüksəkdir".

AzNews.az