UTX-də rus “barmağı”: “Alfa” separatçılara atəş açmadı


Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" xüsusi təyinatlı dəstəsinin bəzi komandirləri vəzifədən kənarlaşdırılıb və onlar haqqında cinayət işi qaldırılıb. AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Sergey Paşinski deyib.

S. Paşinski bildirib ki, Baş Prokurorluq antiterror əməliyyatı zamanı əmrləri yerinə yetirməkdən və atəş açmaqdan imtina edən "Alfa"nın 3 komandirinə qarşı cinayət işi açıb: ""Alfa"nın bütün rəhbərliyi işdən uzaqlaşdırılıb və onlar barəsində xidməti təhqiqat başlanılıb". O, əlavə edib ki, "Alfa"nın bəzi komandirləri antiterror əməliyyatı zamanı separatçılara qarşı mülayim davranıb və onları zərərsizləşdirməkdən çəkiniblər.

S. Paşinski qeyd edib ki, Donetsk və Luqansk vilayətlərində çalışan, əksəriyyəti qeyri-peşəkar olan və korrupsiyaya qurşanmış 4 min milisin tezliklə dəyişdirilməsi mümkün deyil: "Bu səbəblə ölkənin bütün vilayətlərində ərazi müdafiə taborları yaradılması qərara alınıb. Hazırda separatçıların ən aktiv olduğu Donetsk və Luqansk vilayətlərində bu taborlar 3 min nəfərdən ibarət olacaq. Taborlar Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək və Baş Qərargaha, eləcə də yerli vilayətlərin rəhbərlərinə tabe olacaq".

Aydan
AzNews.az