“Ukraynadakı azərbaycanlı iş adamları ağır durumdadır“

"Siyasi sabitlik və şəffaf idarəçilik sistemi möhkəmlənərsə, Ukrayna bir çox ölkələri ən az zaman kəsiyində geridə qoymağı bacaracaq"


"Müharibənin nəticələri ilk növbədə ölkə iqtisadiyyatnda özünü büruzə verir. Bu proseslər başlayanda Ukraynada 1 ABŞ dolları 8 qrivniydi. Hazırda 16 qrivnini keçib. Dolların məzənnəsi təbii ki, qiymətlərin qalxmasına da şərait yaradır. İnsanlar maaşlarını milli valyuta olan qrivni ilə alırlar. Buna görə də əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, iş adamlarının biznesi zəifləyir".

Bunu "AzerFax"a(AFA) Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu ölkədəki azərbaycanlı iş adamlarının vəziyyəti barədə danışarkən deyib.
Ukraynada azərbaycanlı iş adamlarının çox olduğunu qeyd edən H.Cavadov yaranmış vəziyyətin onların da biznesinə mənfi təsir göstərdiyini bildirib: "Biz buradakı iş adamlarımızla görüşlər keçiririk. Belə bir planımız var ki, yaxın vaxtlarda həmin iş adamlarından ibarət komitə yaradaq. İş admalrımızla söhbətlərdən aydın olur ki, onların bir çoxu biznesini başqa ölkələrə köçürülmək barədə düşünür. İqtisadi böhran onların uzun illərdir qurub ərəsəyə gətirdiyii işə ciddi ziyan vurur və bu vəziyyətin daha nə qədər uzanacağı bilinmir".
Diaspor rəhbəri qeyd edib ki, Ukraynadakı azərbaycanlıların həyatı bu ölkə ilə bağlı olduğundan onların köçmək barədə qərar verməsi də asan məsələ deyil. "Toplantıları təşkil etməkdə məqsədimiz həm də odur ki, iş adamlarımız bir-birinə dəstək olsunlar, yaranmış vəziyyətdən çıxış yollarını birgə araşdırsınlar" deyən H.Cavadov iş adamlarımıza məxsus mülkiyyətin də qiymətində ciddi dəyişikliyin yarandığını vurğulayıb: "Daşınmaz əmlakın qiyməti demək olar ki, iki dəfə aşağı düşüb. Ancaq yeni hökumət söz verir ki inhisarçılığın və korrupsiyanın qarşısı ən qısa zamanda alınacaq. Buna inansaq, deyə bilərik ki, qardaş Ukraynada yaxın zamanlarda münbit biznes şəraiti yaranacaq. İqtisadiyyat sahəsində ekspert olmasam da onu deyə bilərəm ki, ölkədə siyasi sabitlik və şəffaf idarəçilik sistemi möhkəmlənərsə, Ukrayna bir çox ölkələri ən az zaman kəsiyində geridə qoymağı bacaracaq. Çünki ukraynalılar dəyişikliyə tez uyğunlaşan və çətinliklərə sinə gələ bilən millətdir".