İrana yeni TV yayımlanacaq

Onun əsas hədəfi əhalini ölkədə dəyişikliyə çağırmaqdır



Londonda İrana yayımlanacaq yeni televiziya kanalı, "Raha TV" fəaliyyətə başlayıb. Lent.az-ın "lenta.ru"-ya istinadən məlumatına görə, telekanalın qurucusu iranlı iş adamı Əmir Cahançaxidir.

O, hakimiyyətə müxalif "yaşıllar"ın aparıcılarından sayılır. Mənbənin bildirdiyinə əsasən, atası İran şahı Məhəmmədrzanın maliyyə naziri olub. Cahançaxinnin sözlərinə görə, İran rejimi "mənəviyyatsız və insanlıqdan uzaq" olduğu üçün yeni telekanal əhalini onu dəyişməyə çağıracaq. TV sahibi deyib ki, onlar Qətərdən yayımlanan "əl-Cəzirə", Birləşmiş Ərəb Əmirliyindəki "ə-Ərəbiyyə" kimi fəaliyyətə üstünlük verəcəklər:"Bu TV-lər həqiqətdən ərəb əhalisinə yardım etmək üçün çox böyük iş görüb".
"Raha TV"-nin baş redaktoru Ələsgər Ramazanpurdur. O,2003-cü ildə İrandan mühacirət edib. O vaxtadək İslam Respublikası mədəniyyə və islam irşad nazirinin müavini vəzifəsində çalışıb.

Yeni TV-nin yaranmasını şərh edən Cahançaxi qeyd edib ki, hazırda fars dilində yayımlanan telekanallar, özəlliklə "BBC Persian" və "Voice of America" mövcuddur: "Raha TV" isə İran xalqına məxsus ilk müstəqil telekanal olacaq".

Məlumata əsasən, telekanalın Londonda 40 əməkdaşı, İranda isə ştatdankənar 20 nəfərədək müxbiri işləyəcək. Yayım Qrinviç vaxtı ilə saat 16:30-da başlayacaq.Verilişlər ilkin mərhələdə 4 saat yayımlanacaq. Bura yarım saat xəbərlər buraxılışı, onun ardınca incəsənət, mədəniyyət və idman verilişləri daxildir.

AzNews.az