Ermənistan Azərbaycanla səfirlik yarışında

2013-cü ildə Ermənistan 3 səfirlik açacaq



2013-cü ildə Ermənistan 3 yeni səfirlik açmağı planlaşdırır. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, yeni səfirliklər Meksikada, İndoneziyada və Vyetnamda açılacaq. Bu barədə məlumatı Ermənistan Maliyyə nazirinin müavini Pavel Səfəryan verib. O, bildirib ki, bütünlüklə gələn il diplomatik missiyaların saxlanmasına 7.6 milyard dram vəsait xərclənəcək.

Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan bildirmişdi ki, onlar İsveçdə də səfirlik açmaq niyyətindədirlər: "Səfirliklərdə hərbi attaşelərin fəaliyyəti də gündəmdədir".

Nəzərinizə çatdıraq ki, Ermənistan Azərbaycanın səfirliklər açdığı və fəaliyyətini gücləndirdiyi ölkələrə meyl göstərir. Bu isə o, deməkdir ki, Ermənistan son zamanlar diplomatik mübarizədə uduzduğunu hiss etməkdədir.

Sadiq Musa
AzNews.az