- Rusiya və İran
- 5 Yanvar 16:31
- 2 055
İranda iqtisadi etirazlarda ölənlərin sayı 20-yə çatıb
İranda böhranlar səngimək bilmir. Ölkədə milli valyuta — rialın kəskin dəyər itirməsi paytaxt Tehranda genişmiqyaslı etirazlara səbəb olub.
2025-ci il dekabrın 28-də Tehranın Qapalı Bazarında ticarətçilərin dükanları bağlaması ilə başlanan etirazlar qısa müddətdə nəzarəti çətin olan geniş ictimai hərəkat formasını alıb.
ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yayımladığı son hesabat ölkədəki vəziyyətin nə qədər ağır olduğunu ortaya qoyur. Məlumata görə, 31 əyalətin 26-da, ümumilikdə 222 fərqli nöqtədə insanlar küçələrə çıxıb.
Etirazların əsas səbəbi İran rialının xarici valyutalar qarşısında sürətlə dəyər itirməsi və bunun fonunda əsas ərzaq məhsullarına tətbiq edilən həddən artıq bahalaşmadır.
Tehranda başlayan aksiyalar qısa müddətdə Luristan, Çəharmahal və Bəxtiyari kimi əyalətlərə yayılaraq rejim əleyhinə şüarların səsləndiyi geniş etiraz dalğasına çevrilib.
HRANA-nın məlumatına görə, artıq 8 gündür davam edən hadisələr zamanı indiyədək 19 etirazçı və 1 “Bəsic” (yarıhərbi milis) üzvü həyatını itirib, azı 51 nəfər yaralanıb. Yaralanmaların böyük hissəsinin təhlükəsizlik qüvvələrinin istifadə etdiyi rezin və saçma güllələrdən qaynaqlandığı bildirilir.
Ölkə üzrə ən azı 990 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Rəsmi Tehran ölən və yaralananların sayı ilə bağlı susqunluğunu qoruyur. Yerli mənbələr isə xüsusilə Kuhdəşt, Lordiqan və Azna şəhərlərində toqquşmaların şiddətləndiyini xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian əvvəlki etirazlardan fərqli olaraq bu dəfə daha yumşaq mövqe sərgiləyib. O, əhalinin narazılığını haqlı sayaraq mövcud iqtisadi vəziyyətə görə hökumətin məsuliyyət daşıdığını etiraf edib.
Prezident rəsmilərə müraciətlə qeyri-adi şəkildə “Problemlərə görə ABŞ kimi xarici aktorları günahlandırmağı dayandırın” çağırışı edib. Lakin Pezeşkianın bu təmkinli mövqeyinə baxmayaraq, küçələrdə gərginlik azalmayıb. Yanvarın 1-də Azna şəhərində bir polis bölməsinə edilən hücum nəticəsində 3 nəfərin həlak olması hadisələrin ictimai asayiş problemindən təhlükəsizlik böhranına çevrildiyini göstərir.
Beynəlxalq ictimaiyyət də İrandakı prosesləri diqqətlə izləyir. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yaydığı açıqlamada Tehran rəhbərliyinə sərt xəbərdarlıq edib.
Tramp bildirib: “Əgər İran dinc nümayişçiləri güllələyər və öldürərsə, ABŞ onların köməyinə gələcək.” Bu açıqlama mümkün müdaxilə və ya dəstək ehtimalına işarə kimi qiymətləndirilir.
Mövsüm,
AzNews.az