Medvedevdən alman kanslerinə ismarıc: Səni də qaçırarlar!

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu hərbi əməliyyatla saxlayaraq Nyu-Yorka aparmasını “qanunsuz, amma ardıcıl quldurluq” kimi dəyərləndirən Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu dəfə hədəfi Berlinə yönəldib. Medvedev beynəlxalq hüququn faktiki olaraq sıradan çıxdığı bir dünyada Almaniya kansleri Fridrix Mertsin də oxşar talelə məruz qalmasının “heç də təəccüblü olmayacağını” bildirib.

“Mutlaq Qətiyyət” əməliyyatı gərginliyi artırdı

ABŞ-ın “Mutlaq Qətiyyət” (Absolute Resolve) adlandırdığı əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduronun Nyu-Yorka aparılmasından sonra beynəlxalq arenada gərginlik daha da artıb. Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan Dmitri Medvedev rəsmi kanallar vasitəsilə yaydığı açıqlamada Vaşinqtonun bu addımının dövlətlərarası legitimliyi tamamilə məhv etdiyini iddia edib.

“Qərb liderləri də risk altındadır”

Medvedev ABŞ-ın seçilmiş bir dövlət başçısını hərbi yolla ələ keçirməsinin təhlükəli presedent yaratdığını vurğulayıb. Onun sözlərinə görə, mövcud siyasi reallıqda Qərb ölkələrinin liderləri də oxşar risklərlə üz-üzədir:

“Maduro ilə baş verənlərdən sonra Almaniya kansleri Fridrix Mertsin də belə bir əməliyyatla qaçırılması artıq heç kim üçün gözlənilməz olmaz. Bu, baş verən hadisələr silsiləsində ‘mükəmməl bir dönüş’ olardı.”

Rusiyanın dövlət agentliyi TASS-a danışan Medvedev kansler Mertsi “neonazi” adlandıraraq daha sərt ifadələr işlədib. O, Almaniyada Mertsin mühakimə olunması üçün kifayət qədər əsasların olduğunu, kanslerin siyasəti ucbatından alman vətəndaşlarının əziyyət çəkdiyini və “onun yoxluğunun itki sayılmayacağını” iddia edib.

Berlin sərt reaksiya verdi

Medvedevin bu açıqlamaları Almaniyada ciddi narazılıqla qarşılanıb. Almaniya hökumətinin sözçü müavini Sebastian Hille bəyan edib ki, bu cür açıqlamalar qətiyyətlə rədd olunur və ən sərt şəkildə pislənir.

Hille əlavə edib ki, bu tip bəyanatlar kansler üçün təhlükəsizlik tədbirlərinin artırılması üçün əsas sayılmır:

“Mövcud təhlükəsizlik tədbirləri kanslerin üzləşdiyi risk səviyyəsinə tam uyğundur. Fridrix Merts etibarlı və adekvat şəkildə qorunur.”

Mövsüm Novruzoğlu