- Rusiya və İran
- 6 Yanvar 09:07
- 3 566
Xəmneyi çemodanları toplayıb: İranın dini liderinin "B" planı
İranın ali dini lideri Ayətullah Əli Xəmneyinin ölkə daxilində etirazların təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alına bilməyəcəyi və ya ordunun əmrləri yerinə yetirməkdən imtina edəcəyi təqdirdə Tehranı tərk etməyə hazırlaşdığı iddia olunur. Britaniyanın The Times nəşrinə danışan kəşfiyyat mənbələrinin məlumatına görə, Hamaney ailəsi və ən yaxın çevrəsi ilə birlikdə ölkədən çıxış üçün “B planı” hazırlayıb. İddialara əsasən, bu plan Suriya lideri Bəşər Əsədin Moskva istiqamətindəki qaçış ssenarisini xatırladır.
“B planı”nın işə düşəcəyi şərtlər
Məlumata görə, 86 yaşlı Ayətullah Xəmneyi ordunun və təhlükəsizlik strukturlarının etirazçılara qarşı əmrləri icra etmədiyini və ya tərəddüd göstərdiyini görəcəyi halda paytaxtı tərk etməyə hazırdır. Plan yalnız Xəmneyinin özünü deyil, 20 nəfərə qədər ailə üzvünü və yaxın köməkçilərini də əhatə edir.
Xəbərdə Xəmneyinin oğlu və mümkün varisi hesab edilən Müctəbanın da bu planın əsas fiqurlarından biri olduğu qeyd olunur. Keçmiş İsrail kəşfiyyat əməkdaşı Beni Sabti isə Xəmneyi potensial qaçış ünvanı kimi Rusiyanı, xüsusilə Moskvanı istisna etməyib.
Əsəd ssenarisi nümunə götürülüb
Kəşfiyyat mənbələri bildirir ki, plan Suriyanın keçmiş prezidenti Bəşər Əsədin 2024-cü ilin dekabrında müxalif qüvvələr Dəməşqi ələ keçirməzdən əvvəl Moskva istiqamətində ölkəni tərk etməsi nümunəsində hazırlanıb. Analitiklərə görə, Maduro hadisəsindən sonra avtoritar rejim liderləri üçün “təhlükəsiz çıxış” ssenariləri daha real müzakirə mövzusuna çevrilib.
“Sərvətlərini təhlükəsiz çıxış üçün toplayır” iddiası
Xəbərdə Xəmneyinin xaricdəki maliyyə aktivlərini, daşınmaz əmlaklarını və nağd ehtiyatlarını mümkün “təhlükəsiz çıxış” üçün bir araya topladığı da iddia olunur. Qeyd edilir ki, Xəmneyinin nəzarətində olan “Setad” adlı qurum təxminən 95 milyard dollarlıq aktiv idarə edir. Bu aktivlərə müxtəlif şirkətlər və daşınmaz əmlak portfelləri daxildir.
Bundan əlavə, Xəmneyinin ən yaxın ətrafına daxil olan şəxslərin ailə üzvlərindən bəzilərinin ABŞ, Kanada və Dubayda yaşadığı da irəli sürülür.
İranda etirazlar davam edir
Son həftələr İranın müxtəlif şəhərlərində dərinləşən iqtisadi böhran fonunda etiraz aksiyalarının davam etdiyi bildirilir. Etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC), “Bəsic” qüvvələri, polis və ordunun aksiyaları dağıtmaq üçün canlı güllə, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdiyini iddia edir.
Qərb kəşfiyyatının dəyərləndirməsinə görə, Hamaney ötən il İsraillə baş verən 12 günlük müharibədən sonra həm fiziki, həm də psixoloji baxımdan zəifləyib və son günlər ictimaiyyət qarşısına çıxmır.
Beynəlxalq narahatlıq artır
Ulusal İran–Amerika Şurasının (NIAC) rəhbəri Camal Abdi bildirib ki, Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən qaçırılması ilə bağlı iddialar beynəlxalq sistemdə qanunsuzluq mühitini gücləndirib:
“Yeni bir qanunsuzluq dalğası regionu daha da qeyri-sabit edir və müharibə riskini artırır.”
Al Jazeera-nin məlumatına görə, Abdi Tramp administrasiyasının ritorikasının İranla qarşıdurma istəyən dairələri daha da fəallaşdıra biləcəyini vurğulayıb.
“Diplomatiya zəifləyir, toqquşma riski artır”
Beynəlxalq Siyasət Mərkəzinin aparıcı tədqiqatçısı Negar Mortazavi də oxşar mövqedən çıxış edərək bildirib ki, hazırkı şəraitdə diplomatiya üçün imkanlar minimuma enib:
“Bu vəziyyət bizi birbaşa qarşıdurmaya aparır. Hazırda İsrail, İran və ABŞ potensial toqquşma xəttində irəliləyir.”
Tramp: “Silahlarımız hazır və tətikdədir”
ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında paylaşım edərək, İran hakimiyyətinin dinc etirazçılara qarşı silah işlətməsi halında ABŞ-ın müdaxilə edə biləcəyini bildirib:
“Əgər İran dinc etirazçılara atəş açsa, ABŞ onların yardımına gələcək. Silahlarımız hazır və tetikdədir.”
Tehrandan sərt cavab
Trampın açıqlamalarına cavab olaraq İran Ali Milli Təhlükəsizlik Şurasının katibi və Xəmneyinin müşaviri Əli Laricani ABŞ-ın mümkün müdaxiləsinin bütün regionu xaosa sürükləyəcəyini deyib. Onun sözlərinə görə, İranın daxili işlərinə hər hansı xarici müdaxilə “qırmızı xətt” sayılır və cavabsız qalmayacaq.
Nə baş vermişdi?
2025-ci il dekabrın 28-də İran milli valyutasının kəskin dəyər itirməsi və iqtisadi problemlər fonunda Tehran Qapalı Bazarında başlayan etirazlar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılmışdı. Prezident Məsud Pezeşkian xalqın narazılığını etiraf edərək, mövcud iqtisadi problemlərə görə məsuliyyətin hökumətin üzərində olduğunu bildirmiş və məmurları “xarici aktorları günahlandırmaqdan çəkinməyə” çağırmışdı.
AzNews.az