İranda etirazlar səngimir: Ölənlərin sayı 29-a çatdı

İranda iqtisadi çətinliklər fonunda başlayan etiraz aksiyaları artıq 9 gündür davam edir. ABŞ mərkəzli İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) yaydığı son məlumata görə, ölkə üzrə baş verən nümayişlərdə ölənlərin sayı 29-a çatıb.

HRANA-nın hesabatında bildirilir ki, 28 dekabr 2025-ci ildən bəri İranın 31 vilayətindən 27-də ümumilikdə 257 fərqli nöqtədə etiraz aksiyaları qeydə alınıb. Bu müddət ərzində 27 etirazçı və hüquq-mühafizə orqanlarının 2 əməkdaşı həyatını itirib. Aksiyalar zamanı 64 nəfər yaralanıb, 1203 nəfər isə saxlanılıb.

Yaralananların əksəriyyətinin saçma və plastik güllələrin təsiri nəticəsində xəsarət aldığı vurğulanır. İran hakimiyyəti isə indiyədək etirazlarda ölən və yaralananlarla bağlı rəsmi açıqlama verməyib.

HRANA-nın bir gün əvvəl - etirazların 8-ci gününə dair dərc etdiyi hesabatda ölənlərin sayının 20, yaralıların 51, saxlanılanların isə 990 nəfər olduğu bildirilmişdi. Son sutka ərzində açıqlanan yeni rəqəmlər hadisələrin daha da gərginləşdiyini göstərir.

Etirazlar necə başladı?

İran’da etirazlar 28 dekabr 2025-ci ildə yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər səbəbindən Tehranın Qapalı Çarşısında esnafın aksiyası ilə başlayıb. Qısa müddətdə etirazlar ölkənin bir çox şəhərinə yayılıb.

Fars Xəbər Agentliyi isə aksiyalar zamanı 250 polis əməkdaşının və 45 “Bəsic” üzvünün yaralandığını açıqlayıb.

ABŞ-dan sərt mesajlar

ABŞ Prezidenti Donald Tramp İran’dakı etirazlarla bağlı 2 yanvar tarixində sosial şəbəkə hesabında paylaşım edərək, “Əgər İran həmişə etdiyi kimi dinc etirazçıları vurarsa və öldürərsə, ABŞ onların köməyinə gələcək” ifadəsini işlədib. Tramp 4 yanvarda verdiyi növbəti açıqlamada isə “Əgər etirazçıları öldürsələr, İran ABŞ tərəfindən sərt zərbə alacaq. Biz İrandakı prosesləri yaxından izləyirik” deyə bildirib.

İranda davam edən etirazların yaxın günlərdə hansı istiqamətdə inkişaf edəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.

AzNews.az