- Rusiya və İran
- 7 Yanvar 12:04
- 2 126
Rza Pəhləvi İran xalqına çağırış edib
İranda ölkə üzrə yayılan etiraz aksiyaları davam edir.
ABŞ mərkəzli İnsan Hüquqları Aktivistləri Agentliyinin məlumatına görə, indiyədək 36 nəfər həyatını itirib, 1200-dən çox insan isə yaralanıb.
İran İnqilab Keşikçilərinə yaxınlığı ilə tanınan Fars Xəbər Agentliyi 250 polis əməkdaşının və 45 İnqilab Keşikçisi üzvünün yaralandığını bildirib.
Dekabrın 28-də başlayan hakimiyyət əleyhinə etirazlar ölkənin 31 əyalətindən 27-nə yayılıb
Tehran hakimiyyəti iqtisadi böhrandan qaynaqlanan etirazları dayandırmaq məqsədilə əhaliyə aylıq 7 dollar ödənilməsini təklif edib. Hökumət sözçüsü Fatimə Mohacerani bu addımın ailələrin alıcılıq qabiliyyətini qorumağa və inflyasiyanı azaltmağa yönəldiyini bildirib.
Lakin ekspertlər minimum yaşayış üçün tələb olunan təxminən 200 dollar fonunda 7 dolların ciddi təsir göstərməyəcəyini qeyd edirlər.
Yardım qərarına baxmayaraq, İran Mərkəzi Bankı etirazları daha da alovlandıracaq bir addım atıb. Belə ki, idxalçılar və istehsalçılar üçün tətbiq olunan subsidiyalı valyuta məzənnəsində subsidiyanın azaldılması qərara alınıb. Bu qərarın məhsul qiymətlərinə dərhal təsir göstərəcəyi və iqtisadi səbəblərlə başlayan etirazları daha da genişləndirə biləcəyi bildirilir.
Dünya ictimaiyyəti İrandakı gərginliyi yaxından izlədiyi bir vaxtda, 1979-cu ildə devrilərək sürgün edilən İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin açıqlamaları diqqət çəkib.
ABŞ-da sürgündə yaşayan Rza Pəhləvi ölkədə davam edən etirazlarla bağlı mövqeyini açıqlayıb.
“İran demokratik keçidə hazırdır”
Etirazların başlanmasından sonra ABŞ-ın aparıcı media qurumlarında çıxışlarını artıran Rza Pəhləvi "Washington Post" qəzetində dərc olunan məqaləsində Tehran rejiminin legitimliyini itirdiyini və hakimiyyətin çatlamağa başladığını bildirib.
ABŞ Prezidenti Donald Trampın İran xalqına dəstək verdiyini vurğulayan Pəhləvi televiziya proqramlarından birində isə “İran xalqının özünü zalım rejimdən azad etməsinin vaxtı çatıb” deyə qeyd edib.
Qeyd edək ki, Rza Pəhləvi əvvəlki illərdə də dəfələrlə İran xalqını üsyana çağıran bəyanatlarla çıxış edib.
Mövsüm,
AzNews.az