Tramp nədən gözləməyi seçdi? ABŞ-ın İrandakı 50 hədəfinin koordinatları

Vaşinqtonla Tehran arasında gərginlik təhlükəli həddə çatıb. İsrail kəşfiyyatının məlumatına görə, ABŞ-ın geri addım atdığı görüntüsünə baxmayaraq, İrana qarşı Amerika hərbi hücumu yaxın günlərdə gündəmə gələ bilər. Bölgədəki hərbi hazırlıqlar və diplomatik fəallıq bu ssenarini gücləndirir.

MOSSAD RƏHBƏRİ ABŞ-DA

ABŞ mətbuatının Axios-a istinadən yaydığı xəbərə görə, İsrail kəşfiyyat xidməti Mossad-ın rəhbəri David Barnea İrandakı vəziyyəti müzakirə etmək üçün ABŞ-a səfər edib. Barnea’nın səfəri, İranda baş verən etirazlar və rejimin sərt repressiyaları fonunda ABŞ və İsrail arasında mümkün Amerika hərbi müdaxiləsi ilə bağlı aparılan məsləhətləşmələrin tərkib hissəsi kimi qiymətləndirilir.

Eyni mənbələrə görə, Barnea Mayamidə ABŞ ilə İran arasındakı birbaşa əlaqə kanalını idarə edən Ağ Ev nümayəndəsi Stiv Uitkoff ilə görüşəcək. Bildirilir ki, Uitkoff etirazlar zamanı İranın xarici işlər naziri Abbas Araqçı ilə də təmasda olub. Barnea’nın həftəsonu Floridadakı Mar-a-Laqo iqamətgahında ABŞ Prezidenti Donald Tramp ilə görüşməsi də ehtimallar sırasındadır.

TRAMP–NETANYAHU XƏTTİ AKTİVLƏŞİB

Barnea’nın ABŞ səfəri Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında İran böhranı ilə bağlı çərşənbə günü baş tutan telefon danışığından dərhal sonra reallaşıb. Məlumata görə, Netanyahu İranın mümkün cavab zərbələrinə hazırlaşmaq üçün İsrailə əlavə vaxt qazandırmaq məqsədilə Trampdan İrana qarşı hərbi əməliyyatın təxirə salınmasını istəyib.

İsrailli bir mənbə bildirib ki, mövcud ABŞ planı İran təhlükəsizlik qüvvələrinə qarşı zərbələri nəzərdə tutur, lakin İsrail bu planı rejimi ciddi şəkildə sabitlikdən çıxarmaq üçün yetərli hesab etmir. Axios-un məlumatına görə, ABŞ rəsmiləri İranın etirazçılara qarşı zorakılığı davam etdirəcəyi təqdirdə hərbi variantın masada qalacağını vurğulayır. İsrailli rəsmilər isə gecikməyə baxmayaraq yaxın günlərdə ABŞ hücumunun baş verə biləcəyinə inanırlar.

ABŞ ORDUSU HAZIRLIQ VƏZİYYƏTİNDƏ

Digər tərəfdən, ABŞ mənbələrinə görə, Trampın hücum əmri vermə ehtimalına qarşı ABŞ ordusu bölgəyə əlavə müdafiə və hücum qüvvələri göndərir. “Abraham Lincoln” aviadaşıyıcısı və onun zərbə qrupu Cənubi Çin dənizindən Orta Şərqə doğru hərəkət edir. Bölgəyə əlavə hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və ehtimal ki, sualtı qayıqların da yerləşdirilməsi gözlənilir.

İRANDAKİ 50 HƏDƏF GÜNDƏMDƏ

İddialara görə, Ağ Evin əlində İranda yerləşən 50 yüksək dəyərli hərbi hədəfin dəqiq coğrafi koordinatlarını əhatə edən gizli xəritə mövcuddur. Bu fakt təcili hərbi eskalasiya ssenarilərini daha da gücləndirir.

DİQQƏTÇƏKƏN KOORDİNATLAR

Daily Mail qəzetinin yazdığına görə, Vaşinqton mərkəzli UANI adlı təşkilat 50 hədəfi əhatə edən dosyanı 12 yanvar 2026-cı il bazar ertəsi səhər tezdən Ağ Ev rəsmilərinə təqdim edib. Sənəddə etirazların yatırılmasının mərkəzi kimi göstərilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahının dəqiq koordinatları yer alır. Bu qərargah yalnız hərbi əməliyyatların deyil, eyni zamanda polis qüvvələri üzərində nəzarətin də mərkəzi hesab olunur.

TEHRANDA DÖRD ƏSAS ALT QƏRARGAH

Hədəf siyahısına paytaxtın müxtəlif hissələrinə nəzarət edən dörd əsas alt qərargah daxildir:

  • Tehranın şimal və şimal-qərbindəki basqı əməliyyatlarına cavabdeh Qüds Alt Qərargahı,
  • Cənub-qərbdə yerləşən Fəth Alt Qərargahı,
  • Şimal-şərqdəki Nəsr Alt Qərargahı,
  • Tehranın cənub-şərqi və mərkəzi hissələrinə nəzarət edən Qədr Alt Qərargahı.

Bu obyektlərin müəyyən edilməsi ilə ABŞ ordusunun SEPAH-ın etirazların yatırılmasını koordinasiya etmə imkanlarına dair tam bir “əməliyyat planı”na sahib olduğu bildirilir.

Dosyada əsas komanda mərkəzlərindən əlavə, rejimin ən sərt bölmələrinin kəşfiyyat, polis və psixoloji əməliyyatlarını koordinasiya edən, Tehranın müxtəlif bölgələrinə yayılmış gizli infrastruktur da yer alır. Hədəflər sırasında Tehranın 22 bələdiyyə rayonunun hər birində yerləşən 23 regional SEPAH bazası mövcuddur.

XÜSUSİ TUGAYLAR DA SİYAHIDADIR

UANI tərəfindən hazırlanmış siyahıda əməliyyat bölmələri də yer alır. Bunlara:

  • Tehranın şimal-şərqində yerləşən Aaleh-e Mohammad Təhlükəsizlik Tugayı,
  • Şəhərin cənub-şərqindəki Əl-Zəhra Təhlükəsizlik Tugayı daxildir.

TOMAHAVK VƏ BOMBARDMAN TƏYYARƏLƏRİ SSENARİSİ

Wall Street Journal qəzetinə görə, ABŞ Orta Şərqdə yerləşən qüvvələrindən Tomahawk raketləri, həmçinin ABŞ və xaricdəki bazalardan qalxa biləcək döyüş və bombardman təyyarələri ilə İrana qarşı hərbi əməliyyat həyata keçirə bilər. Qəzet yazır ki, “Tramp İrana hücuma icazə verərsə, Pentaqon Orta Şərqdəki qüvvələrdən Tomahawk raket zərbələrinə başlaya, bölgədəki döyüş təyyarələrini və ABŞ-dan havalanacaq bombardmançıları işə sala bilər”.

NƏ BAŞ VERMİŞDİ?

28 dekabr 2025-ci ildə İranın milli valyutasının xarici valyutalar qarşısında sürətlə dəyər itirməsi və iqtisadi vəziyyətin ağırlaşması fonunda Tehran Böyük Bazarında tacirlərin öncüllüyü ilə başlayan etirazlar ölkə miqyasında yayılmışdı.

8 yanvar tarixində Tehranda etirazların şiddətlənməsindən sonra hakimiyyət internetə çıxışı məhdudlaşdırmışdı.

İran rəsmiləri ölən və yaralananların sayı ilə bağlı hələlik rəsmi açıqlama verməsələr də, ABŞ mərkəzli HRANA (İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi) baş verən hadisələr nəticəsində 2 677 nəfərin öldüyünü, 19 097 nəfərin isə saxlanıldığını bildirmişdi.

Mövsüm