“İstədim ki, pis insan kimi yaddaşlarda qalmayım” - Günel


"Biz Ağdamılıyıq, məmləkətimiz yoxdur. Xocalının başına gələnlər Ağdamın da başına gəlib. Xocalı rayonunun icra başçısına təklif etdim ki, rayon qaçqınlarına yardım etmək istəyirəm. Çalışdım ki, onları az da olsa, sevindirə bilim. İcra başçısı da sağ olsun, mənə kömək etdi".

Bunu AzNews.az-a Türkiyədə yaşayan azərbaycanlı sənətçi Azəri qızı Günel Xocalı qaçqınlarına yardım kampaniyasından danışarkən deyib. Sənətçi bu məsələlərdə diqqətli olduğunu bildirib:

"Türkiyədə yaşadığıma baxmayaraq, hər bir şeyə diqqət yetirirəm. Bəlkə də o vaxtlar az yaşlı idim, dərk edə bilmirdim. Artıq, 27 yaşım var, bilirəm ki, xalqımızın başına hansı hadisələr gəlib. Ermənilərin şərəfsizlik etdiklərini dərk edirəm. Türkiyədə də erməniləri tərifləyənlərə sərt cavab verirəm. Ermənilərin yaxşısı yoxdur".

Müğənni "necə oldu ki, yardım etmək fikrinə düşdünüz" sualına belə cavab verib: "Bir dəfə səhv hərəkət etmişdim. Səhvim ondan ibarət idi ki, müğənni Seda Sayanın proqramında iştirak etmişdik. Proqram şənlik formatında idi. Həmin günün "Xocalı faciəsi" günü olduğunu bilmirdik. Proqram bitdiyi zaman bizə söylədilər ki, bu gün Xocalının anma günüdür. Əvvəldən bilsəydim, bunu etməzdim. Bu səhvimə görə xalqımdan da üzr istəmişdim. Hətta Azərbaycanda mənə erməni deyənlər də vardı. Axı burada ermənilik bir şey yoxdur. Mən də azərbaycanlının qızıyam. Həmin gün ürəyimdə yara kimi qalmışdı. Ona görə də yardım etmək fikrinə düşdüm, yəni pis bir insan kimi yaddaşlarda qalmayım. Yardım 200 nəfər üçün nəzərdə tutulub. Gələcək zamanlarda bu kimi tədbirləri daha genişləndirəcəyik".

Sənətçi qeyd edib ki, Azərbaycanı dünyada layiqincə təmsil edir: "Türkiyə dərnəyimizin, konsulluğumuzun tədbirlərinə dəvət alanda iştirak edirəm. Əlimdən gələni əsirgəmirəm".

İlkin
AzNews.az


image description image description image description