“Yalan mövsümü”nün yenilikləri

Müşfiq Ələsgərli


Beynəlxalq təşkilatların Azərbaycanla bağlı açıqlamaları intensivləşib. Yanvarın 27-də ABŞ-ın "Freedom House" təşkilatının illik hesabatı ilə başlanan bu açıqlamalara baxanda insanda elə təəssürat yaranır ki, dünyanın ən problemli ölkəsində yaşayırıq. Amma bu, keçəri bir ovqatdır. Bütün beynəlxalq statuslu təşkilatların illik hesabatlarının yeni ilin yanvar-aprel ayları aralığında açıqlandığını bilən Azərbaycan oxucusu bu hesabatlarda ənənəvi olaraq antiazərbaycan ovqatın əks olunacağını da təxmin edir, "3 aylıq yalan mövsümünə" hazır dayanır. "Freedom House"un ardınca "Human Rights Watch", "Amnesty International" kimi digər 20-yə yaxın ABŞ-yönlü beynəlxalq təşkilatların hesabatlarının açıqlanacağı, eyni mətnin simvolik redaktələrlə təqdim olunacağı gözləniləndir, adiləşib.

Amma nə qədər adiləşmiş olsa da, 2016-cı ilin "yalan mövsümü"nün özəllikləri meydana çıxıb. Ənənəvi olaraq Azərbaycanın hakimiyyət strukturlarının fəaliyyətini tənqid edib onları antidemokratik adlandırmaqla hədəfə çevirən ABŞ təşkilatı, bu il özünün əsl mahiyyətini gizlədə bilməyib, birbaşa Azərbaycanın dövlət suverenliyini hədəfə alıb. Təşkilatın ötən həftə açıqladığı 2015-cı il üzrə hesabatında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma DQR rejimi ayrıca olaraq göstərilib, bununla da, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik ifadə edilib. Digər bir fakt, hesabatda Azərbaycanın Qafqazda azad olmayan yeganə ölkə kimi göstərilməsidir. Hətta bu reytinq cədvəlinə qərəzli şəkildə "müstəqil ərazi" kimi daxil edilmiş Dağlıq Qarabağ da Ermənistan və Gürcüstan kimi "qismən azad ölkələr" kateqoriyasındadır, Azərbaycan isə "qeyri-azad ölkələr" kateqoriyasında.

Ölkəmizin ərazi bütövlüyünə qəsdli münasibətini nəzərə alsaq, təşkilatın hesabatında əks edilmiş digər kateqoriyalar, məsələn, media azadlığı, insan haqları prinsipləri üzrə incələnmələrə zərurət qalmır. Amma məxsusi olaraq 2015-ci ildə, yəni ən yaxın tarixdə baş vermiş olsa da, təşkilat tərəfindən gözardı edilərək hesaba alınmamış faktların incələnməsində fayda var. Bu sırada ilk yerdə media aləmində baş verənlər gəlir. 2015-ci il ABŞ media gündəmi üçün təlatümlü olub. Avqust ayının son anlarına təsadüf edən jurnalist Alison Parkerlə operator Adam Uordun qətlə yetirilməsi son beş ildə peşə fəaliyyətinə görə həyatını itirən ABŞ jurnalistlərinin sayını səkkizə çatdırdı. ABŞ texnoloqları 2010-cu ildən etibarən törədilən bu qətllərin (Luke Sommers, James Foley, Steven Sotloff, Marie Colvin, Chris Hondros, Rupert Hamer) arasında ümumi bağlılığın mövcudluğunu inkar etməyə çalışsalar da, 2015-ci ilin Virciniya faciəsi onların informasiya inhisarını qıra bildi. Dövlət Departamenti və ona bağlı KİV-lərin, QHT-lərin hadisəni ört-basdır etmək cəhdlərinə baxmayaraq, bəzi beynəlxalq təşkilatlar jurnalist Parkerlə operator Uordun qətl hadisəsini geniş araşdırdılar, faciəyə yol açan səbəbləri ortaya çıxardılar. Bu araşdırmalar ABŞ ideoloqlarının hərəkətlərini ifşa etdi. Məlum oldu ki, ölkədə irqi ayrı-seçkilik və ifadə azadlığı ilə bağlı ciddi problemlər mövcuddur. Jurnalistlərin avqust qətliamının müəllifi olan Flanaqan törətdiklərindən "peşman olub intihar etməzdən" əvvəl (mənbələr onun polis tərəfindən mahiyyəti gizlətmək üçün öldürüldüyünü yazır) internetə yaydığı materiallardan, həmçinin, ABC News kanalına göndərdiyi 23 səhifəlik faks-məktubdan bəlli oldu ki, o, keçmiş əməkdaşı olduğu WDBJ7 TV kanalında üzləşdiyi irqçılık motivli qısnamalardan ciddi stress keçirib. Ağdərililərin rəhbər olduğu müəssisələrdə fərqli irqlərə qarşı sərgilənən münasibətə dözməyən Flanaqan işlədiyi müəssisəni tərk etmək, sonda terrora əl atmaq zorunda qalıb. Baş vermiş hadisə 2014-cü ildən başlayaraq Fergüson şəhərində yaşanmış və qaradərililərə qarşı pis münasibəti ehtiva edən ixtişaşların davamı kimi qəbul edildi.

ABŞ hakimiyyətinin irqi ayrı-seçkilik yönündə problemləri aradan qaldırmaması bu yöndə faciələrin sayının artması ilə nəticələnir. Proses o qədər kəskin hal alıb ki, ABŞ rəsmiləri, xüsusən prezident Obama 2016-cı ilin ilk günlərində - yanvarın 5-də ölkəsində qanunsuz silah satışının və irqi ayrı-seçkilik durumunun faciələrə yol açdığını, ən əsası isə, belə durumu aradan qaldırmaqda aciz vəziyyətə düşdüklərini etiraf etdi. O, məsələ ilə bağlı Amerika ictimaiyyətində ciddi fikir ayrılıqlarının mövcud olmasına baxmayaraq, Konqresi odlu silahlarla törədilmiş cinayətlərin qarşısının alınması üçün yeni qanunlar qəbul etməyə çağırdı.

Amma qəribədir ki, hətta ABŞ rəsmiləri tərəfindən etiraf edilməsinə baxmayaraq, nə irqi ayrı-seçkilik, nə də silahlara nəzarətsizlik mühiti "Freedom House"un hesabatlarında əks edilməyib.

Avqustun 26-da Virciniyada yaşanmış jurnalist qətliamı 2015-ci ildə ABŞ-dakı durumu ifşa edən yeganə fakt olmadı. BBC teleradio şirkətinin 2 jurnalisti hadisə yerinə baxış keçirmək istəyərkən hüquqları pozuldu, Virciniya polisi onları hadisə yerinə buraxmaqdan kobudcasına imtina etdi. Digər bir hadisə, 2016-cı il üzrə seçkilərində respublikaçıları təmsil edən Donald Trampın ispandilli jurnalisti etnik mənsubiyyətinə görə aşağılayıb mətbuat konfransından qovması oldu. Amma bu hadisələr də "Freedom House" başda olmaqla, ABŞ-ın dünyaya beynəlxalq statuslu QHT kimi sırıdığı 20-yə yaxın təşkilatın heç birində reaksiya doğurmadı. Onlar bu hadisələrə nə gündəlik saytlarında, nə də 2016-cı ilin yanvar ayında açıqladıqları 2015-ci il üzrə illlik hesabatlarında yer verdilər. Əksinə, ABŞ-ı media azadlığı sahəsində dünyaya örnək olaraq "tam azad ölkə kateqoriyasında" təqdim etdilər. Görünür, ABŞ QHT-ləri unutdular ki, artıq zaman 90-cı illər deyil. İndi dünyanın başqa güc mərkəzləri də insan haqları sahəsində əhəmiyyətli monitorinqlər keçirir, ABŞ-ın yol verdiyi pozuntuları izləyərək qeydə alır, ictimailəşdirirlər.

2016-cı ilin "yalan mövsümünü" digərlərindən fərqləndirən daha bir cəhət də var. Qarşı tərəfdə tələskənlik, yalan faktların əsaslandırılmasını təmin etmədən onları ictimailəşdirmək halı görünür. Bu sırada "hökumətin ölkəni borc bataqlığına sürükləməsiylə" bağlı xəbər xüsusi yer tutur. Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb etmək üçün danışıqlar apardığı deyildi, bunun "Azərbaycan xalqı üçün hansı faciələrə yol açacağı" barədə şərhlər səsləndi.

Azərbaycan prezidentinin açıqlaması isə bu yöndə müzakirələrə son qoydu. Məlum oldu ki, 4 milyard dollar dəyərində borc alınması ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Prezidentin vurğuladığı kimi, bunu sıradan bir qəzet yazsaydı, anlamaq olardı. Amma ilk mənbə yerində beynəlxalq güclərə bağlı bir KİV olaraq "Financial Times" durursa, onda məntiq dəyişir. Azərbaycanın rəsmi qurumlarının təkzib cavabı, yaxud faktı təsdiq edən sənəd tələb oluna biləcəyi ehtimalı "unudulubsa", nəticə çıxır ki, durum ciddidir: yalan xəbər müəllifləri çaşqınlıq içindədirlər. Bu da 2016-cı ilin "yalan mövsümü"nün ortaya çıxardığı bir gerçəkdir.

Milli.az