“Ümummilli məsələlərdə dövlətimizin yanında olacağıq” “Ümummilli məsələlərdə dövlətimizin yanında olacağıq”

Müxalifət hakimiyyətə dəstək verməyə hazırdır

“Ümummilli məsələlərdə dövlətimizin yanında olacağıq”



Rusiyadakı "Milyarderlər İttifaqı" yarananda bu qurum Azərbaycan hakimiyyəti tərəfindən bir mənalı qarşılanmadı. Amma ittifaq yaranan gündən heç bir addım atmayıb. Hətta o qurumda olanlardan bəziləri Azərbaycandakı mövcud hakimiyyəti dəstəklədiklərini deyiblər. Qurumun üzvləri qeyd edirlər ki, ittifaqı yaratmaqda məqsədləri Rusiyadakı soydaşlarımızın hüquqlarını müdafiə etməkdir. Bu ittifaqın yaranmasından az keçməmiş Mehdibəy Səfərovun rəhbərliyi ilə Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi təsis olundu.

M.Səfərov bildirib ki, təşkilatın yaradılmasında məqsəd Azərbaycanda yaşayan talış tayfalarının hüquqlarını müdafiə etməkdir. Bu təşkilatın yaradılması da hakimiyyət tərəfindən sərt qarşılandı. Siyasi şərhçilər Azərbaycanda separatçılıq meyllərinin gücləndiyi anonsunu verirlər. Yəni, 2013-cü il prezident seçkiləri ərəfəsində müəyyən gərginlik yarana bilər.

Ekspertlər hesab edir ki, hakimiyyət şimal təhlükəsi və cənubda yaranmış ittifaqla bağlı Azərbaycanın bütün siyasi qüvvələrinin bir araya gəlib vahid mövqe nümayiş etdirmək məcburiyyətində qala bilər. Müxalifət də bu məsələdə Azərbaycan müstəqilliyinin qorunması üçün hər hansı bir təhlükə olarsa, birləşməyə üstünlük verir.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı mətbuata açıqlamasında deyib ki, istər Rusiya, istərsə də hər hansı digər xarici dövlətin ölkə daxilində hansısa separatçılıq kimi hərəkətlərə rəvac verməsi, müstəqilliyimizə qarşı yönəlmiş hər hansı addıma qarşı çıxacaqlar: "Biz ölkəmizin milli maraqlarına, müstəqilliyinə qarşı istənilən hərəkətə qarşı bütün gücümüzlə çıxmağa hazırıq. Milli maraqlarımızın müdafiəsi yönündə vahid mövqe ortaya qoymaq üçün müzakirələrdə iştirakdan heç vaxt qaçmamışıq, gələcəkdə də belə olacaq".

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də AzNews.az-a açıqlamasında həmin məsələ ilə bağlı hər hansı bir sənəd imzalanarsa, qoşulacaqlarını deyib: "Xarici qüvvələrə qarşı mübarizədə hər zaman dövlətin yanındayıq. Yaranmış talış ittifaqı ilə bağlı hər hansı bir sənəd imzalanarsa, biz də dəstək verəcəyik. Ümummilli məsələlərdə mövqeyimiz budur".

İlkin
AzNews.az