Vicdanım haqqı deyirəm, belə şeylər olmayıb. Ağ yalandır Vicdanım haqqı deyirəm, belə şeylər olmayıb. Ağ yalandır

İşdən çıxmağımın Bəylər müəllimə nə aidiyyəti var?

Vicdanım haqqı deyirəm, belə şeylər olmayıb. Ağ yalandır

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rasim Musayev "Yeni Müsavat"a tutduğu vəzifədən uzaqlaşmasının səbəbi haqda müsahibə verib.

Qeyd edək ki, 2007-ci ilin noyabrında Gəncə BPİ-nin rəisi təyin olunan R.Musayevin iki gün əvvəl işdən çıxması haqda məlumat yayılıb. Bundan sonra onun Gəncənin icra başçısı Elmar Vəliyevlə mübahisə etməsi, bu mübahisənin sonradan davaya çevrilməsi haqda xəbərlər dolaşmağa başlayıb.

Ən müxtəlif mənbələr baş verənlərlə bağlı çoxsaylı versiyalar irəli sürüblər. R.Musayevin və E.Vəliyevin yayılan xəbərlərə münasibət bildirməməsi isə bu xəbərlərin qəzetlərin manşetinə çevrilməsinə yol açıb.
Dünən Rasim Musayev redaksiyamıza zəng vuraraq işdən çıxması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirdi. General "Yeni Müsavat" qəzetinə digər məsələlərlə bağlı da maraqlı açıqlama verib. O dedi:

- Elmar Vəliyevlə 20 ildir bir-birimizi tanıyırıq. Mən o səviyyənin yiyəsi deyiləm ki, gedib kabinetində kimisə vuram, qışqıram. Mən elə tərbiyəsiz adam deyiləm. Bir neçə gün əvvəl Elmar Vəliyev Gəncədə tədbir keçirdi. Mən özüm onunla bərabər olmuşam orada. Onun Gəncədə gördüyü işlərdən danışmışam. Mən barəmdə yazılan yalan-palanlara etiraz edirəm. Orada belə söhbət olmayıb.

- İşdən çıxmağınızın səbəbi nədir?

- Mənim raport yazıb işdən çıxmağımın Elmar Vəliyevlə heç bir əlaqəsi yoxdur.

- Bəs niyə bazar günü, gecə vaxtı raport yazdınız?

- Bəli, raportla nazirə müraciət etmişəm. Amma bu, səhhətimlə bağlı olub. Müraciətimdə yazmışam ki, səhhətimlə bağlı məni tutduğum vəzifədən azad edin. Mən elə adam deyiləm ki, bir işi görüb sonra da bundan imtina edim, deyim ki, yox, mən belə iş etməmişəm. Vicdanım haqqı deyirəm, belə şeylər olmayıb. Ağ yalandır.

- Belə məlumatlar da var ki, general Bəylər Əyyubovun yaxınlarını tez-tez cəzalandırırsınız deyə...

- Bəylər Əyyubov dövlətə xidmət edən adamdır, mən heç vaxt onun yaxınlarını, qohumlarını cəzalandırıb-eləməmişəm də... Hərə bir şey yazır. Mənim işdən çıxmağımın Bəylər müəlliminə nə aidiyyəti var?

- Belə məlumatlar var ki, siz Gəncədə 20 Yanvar şəhidlərinin anım mərasimində Elmar Vəliyevlə mübahisə etmisiniz, onun şəhid analarını qarşı xoş olmayan münasibətinə qarşı çıxmısınız. Həmin vaxt Elmar Vəliyev sizin və Gəncə prokuroru Adil Vəliyevin üstünə qışqırıb. Aranızdakı mübahisə də buradan başlayıb...

- Elmar Vəliyev nə mənim, nə də ki, prokurorun üstünə heç vaxt qışqırmayıb. Həmin tədbirdə şəhid anası nəsə deyirsə, Elmar Vəliyev bizim üstümüzə niyə qışqırmalıdır? Elmar Vəliyev o səviyyənin, tərbiyənin adamı deyil. Bu söhbətləri kimsə bilərəkdən belə yayır. Kimsə kiməsə kəllə vurub söhbəti ağ yalandır.

- Belə məlumatlar da var ki, sizi daha yüksək posta təyin edəcəklər?

- Bu, cənab nazirin səlahiyyətindədir. Mən səhhətimlə bağlı raport yazmışam. Nazir də raportuma əsasən məni hara verəcək, bu, onun səlahiyyətidir. Belə şeylər yoxdur, hamısı əsassız söhbətlərdir.

- Cavablarınızdan belə anlaşılır ki, müalicəyə gedəcəksiniz...

- Fevralın 1-dən 20-nə kimi mənim məzuniyyət dövrümdür. Məzuniyyətimizlə bağlı qrafik nazirlikdə hazırlanır, verilir.

- Hazırda vəzifənizi kim icra edir?

- Müavinim Anar Əkbərov icra edir. Mənim Elmar Vəliyevlə rəhbər kimi, polis rəisi kimi münasibətimiz olub. Xahiş edirəm, kimlərsə bizim aramıza girib münasibətlərimizi pozmasın.

- Sizin Gəncədə həbs olunan dindarlara işgəncə verməyiniz, bəzilərinin ağzına zorla spirtli içki tökməyiniz haqda da xəbərlər var. Bununla bağlı nə deyə bilərsiniz?

- Belə hərəkətləri vicdansız adam edər. Kimsə belə xəbərləri qəsdən yazır. Mən həmişə dindarlara hörmət-izzətlə yanaşmışam. Münasibətimiz yaxşı olub. Qəti yalandır. Xahiş edirəm ki, mənim dediklərimiz olduğu kimi yazın. İcra başçısı gözəl insandır, işləyən adamdır. Dövlətini sevən adamdır. Demişəm ki, Gəncəyə 10 dənə belə başçı gəlsəydi, yenə də Elmar müəllim kimi işləyə bilməzdi... Gəncədə 500 şəhidin qəbrinin üstü qara mərmərdən götürülüb. Şəhid ailələrinə evlər verilib. Bu işlərin hamısını cənab prezidentimizin rəhbərliyi ilə başçımız orada aparıb. Bizim qətiyyən pis münasibətlərimiz olmayıb.
Dünən DİN-də açıqlama yayaraq polis rəisinin icra başçısını vurduğu barədə iddiaları təkzib edib.

P.S. Yayılan xəbərlərlə bağlı Gəncənin icra başçısı Elmar Vəliyevin də mövqeyini dərc etməyə hazırıq.


AzNews.az