"İran şirkəti və vətəndaşlarının terrorizmi dəstəklədikləri sübut oluna bilər"- Mübariz Əhmədoğlu

Uzun müddətli mübahisələrdən, təsdiq və təkziblərdən sonra Azərbaycanın erməni işğal altında olan Şuşa şəhərindəki məscidin təmir-bərpa işləri barədə sənəd imzalandığını təsdiq edən məlumat yayıldı.

Sənədi qondarma qurum olan Dağlıq Qarabağ adından separatçı rejimin iqtisadiyyat nazirinin müavini M.Şahverdyan, İranın adından “Saman Cahan” kompaniyasının direktoru Səid Nəhavəndi imzaladılar.

İran şirkəti işğal olunmuş Azərbaycan ərazilərində hər hansı fəaliyyət aparmaqla beynəlxalq hüquq normalarını və BMT-nin prinsiplərinin əleyhinə getmiş olur. Çünki BMT sənədlərinə və beynəlxalq hüquq normalarına görə Şuşa, bütövlükdə Dağlıq Qarabağ və eləcə də ətrafda olan 7 rayon Azərbaycan Respublikasının ərazisidir. BMT 1992-ci ilin fevralında keçmiş SSRİ respublikalarını öz tərkibinə qəbul edərkən keçmiş SSRİ respublikalarının bir-birinə qarşı ərazi iddiası predmeti üzrə mübahisə açmaqdan imtina etdi. Keçmiş SSRİ respublikalarını, o cümlədən Azərbaycan və Ermənistanı SSRİ dövründəki sərhədləri çərçivəsində üzv qəbul etdi. Bunun adı beynəlxalq praktikada geniş yayılmış “uti posidites” prosedurudur. Eləcə də ermənilərin işğalçılıqla məşğul olduğu beynəlxalq sənədlərlə təsdiq olunmuş faktdır. BMT TŞ-nin dörd qətnaməsi var.

Erməni işğalçılığının baş tutmasında ən geniş istifadə olunan üsul terrorizmdir. İran rəsmilərinin inkarçı mövqedə dayanaraq bu işlə İranın qeyri-rəsmi dairələrinin məşğul olmasına eyham vurması rəsmi Tehranı məsuliyyətdən zərrə qədər azad etmir. İran vətəndaşlarının Argentina, Əfqanıstan, Suriya və digər dövlətlərin ərazisində terror hadisələrində iştirakını sübut etmək çətin olsa da, İran vətəndaşlarının işğal altında olan Dağlıq Qarabağ ərazisində terrorçuların əməllərinə dəstək verməsini sübut etmək olduqca asandır:

I. Təkzib olunmayan məlumatlar və şərhlər ortalıqdadır.

II. İran tərəfi erməni mövzusunda sözünü indi dana bilməyəcək.

III. Qərb dünyası Ermənistana cüzi dəstək verməklə İran şirkəti və vətəndaşlarının terrorizmi dəstəkləməsinə dair istənilən rəsmi izahı və ya sənədi ondan ala biləcək.

Lakin İranın mövqeyində bir sıra özəlliklər az qala xüsusi diqqət çəkir:

I. “Saman Cahan” şirkətinin bu müqaviləsi İranın 1992-ci ildə Şuşanın işğalında İranın mübahisəli mövqeyinə çox aydın izah kimi başa düşülə bilər.

II. Məscid yalnız müsəlman olan yerdə tikilir və fəaliyyət göstərir. Müsəlmanın olmadığı yerdə məscid tikilə bilməz. İranda bir qrup bununla məscid tikintisini də siyasiləşdirdiyini etiraf etdi. İranla həmsərhəd işğal olunmuş Azərbaycan ərazilərində bir sıra məscidlər 30 ilə yaxın fəaliyyətsizdir. İran şirkətləri hər gün bir qrup köçkün möminlərin həmin məscidlərdə ibadətini təşkil edə bilər. Dini baxımdan İİR buna borcludur. Amma dini borc yerinə yetirilmir. Əvəzində müsəlmanın yaşamadığı ərazidə- Şuşa şəhərində məscidi tikməklə İslam dininin bir sıra qaydalarını pozur: Məscid boş qalmamalıdır: Məscidə möminlər daxil olmalıdır; daxil olmanın dəqiq proseduru var.

III. İran şirkəti məscidi təmir edəcəyi və ya Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq qorunan tarixi-mədəni abidəyə dəyişiklik edəcəyi və ya zərər vuracağı bəlli deyil. Ona görə İranın “Saman Cahan” şirkətinin fəaliyyəti BMT TŞ-nin 2017-ci il martın 24-də qəbul etdiyi 2347 nömrəli qətnamənin tələblərinə uyğun testdən keçirilməlidir.

IV. Azərbaycanın işğal olunmuş ərazilərində mülk və mədəni abidələrin dağıdılaraq İrana satılması ilə də bağlı külli miqdarda məlumatlar və təsdiq olunmuş faktlar var. Mədəni abidələrin və ya arxeoloji qazıntılar zamanı artfaktların həmin ərazidən çıxarılması BMT TŞ-nin 2347 nömrəli qətnaməsinin mandatına uyğun fəaliyyət tələb edir.

V. Erməni Apostol Kilsəsinin başçısı Sepux Sərkisyanın Dağlıq Qarabağa səfərləri və yardımları barədə məlumatlar var. Dağlıq Qarabağdakı erməni kilsəsinin başçısı Pargev Martirosyan ikona və digər dini abidələrin oğurlanmasında suçlanır. II Qareginlə Pargev Martirosyan arasında olan bu mübahisədə S.Sərkisyanın da rolu mümkündür. Bu da BMT TŞ-nin 2347 nömrəli qətnaməsinin fəaliyyətini tələb edir.

VI. İran Ermənistan üçün əlavə imkan yaratdı. Ermənilər özlərini psixoloji baxımdan İranda üstün bilirlər. Ermənilərin fikrincə, İran antiAzərbaycan fikirlərin əsirliyindən qurtara bilmir. Buna görə də İran heç vaxt Ermənistandan əl çəkməyəcək. Ona görə ermənilər ərəblərlə, o cümlədən Səudiyyə Ərəbistanı ilə əlaqələr qurmağa cəhd edirlər.

Ümumiləşdirək: Beynəlxalq ictimaiyyət çoxdandır İran vətəndaşlarının və şirkətlərinin terrorizmə yardımda sübutunu axtarır, amma tapa bilmir. Azərbaycanın işğal olunmuş ərazilərində İran subyektlərinin fəaliyyətinin tədqiqi belə sübutları ortalığa qoya bilər.