İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak edib - Foto

Mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti keçirilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitin keçirildiyi Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Sammit Qurandan ayənin oxunması ilə başladı.

Tədbiri Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud açdı.

Ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdikləri Sammit “Birlikdə güclüyük” devizi altında keçirilib. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.

image description image description image description image description image description