Piket məsələsi VİP-də mövqeləri haçaladı

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. İclasda
ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın martın 11-də Rusiya səfirliyi
qarşısında elan etdiyi piketlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH)
daxil olmuş cavab və cari məsələlər müzakirə olunub.

Birinci məsələ barəsində çıxış edən VİP sədri Əli Əliyev ölkədə yaranmış
ümumi durumu geniş təhlil edib və qarşıdakı dövr üçün mümkün gözləntiləri ilə
bölüşüb. Bu məsələ ətrafında müzakirələrə qoşulan Siyasi Şura üzvləri ölkənin
daxil olduğu həssas dönəmdə VİP-in fəaliyyətinə dair öz təkliflərini səsləndiriblər.

VİP Siyasi Şurasının üzvləri ikinci məsələnin müzakirəsi zamanı BŞİH-nin
partiyanın Rusiya səfirliyi qarşısında təyin etdiyi piketə icazə verməməsinin
qanunuz olduğunu, şəhər rəhbərliyinin sərbəst toplaşmaq azadlığını növbəti
dəfə kobud surətdə pozduğunu diqqətə çatdırıblar. Çıxış edənlər Azərbaycan
üçün Rusiya təhlükəsinin gücləndiyi bir zamanda BŞİH-nin VİP-in bu aksiyasına
imkan verməmək qərarının qətiyyən anlaşılmadığını vurğulayıblar.

Təyin edilmiş aksiyanı BŞİH-inin sanksiyası olmadan keçirmək, yoxsa şəhər
rəhbərliyinin qərarına hörmətlə yanaşmaq məsələsi Siyasi Şurada gərgin
müzakirələrə səbəb olub. Siyasi Şura üzvlərinin bir qismi konstitusion hüquq
və azadlıqları əsas götürərək, bütün hallarda aksiyanın keçirilməsini və buna
uyğun qərar verilməsini təklif ediblər. Lakin Siyasi Şuranın digər üzvləri mövud
şəraitdə qarşıdurmaya gedilməməsi üçün icazəsiz aksiyanın keçirilməsindən
imtina edilməsinin daha məqbul olması mövqeyində qalıblar. Bu məsələ ilə bağlı
keçirilmiş səsvermədə Siyasi Şura üzvlərinin səsləri bərabər bölündüyündən,
aksiyanın keçirilməsi haqqında konkret qərarın qəbulu mümkün olmayıb. Bunu
nəzərə alan iclas iştirakçıları məsələyə dair yekun qərarın qəbulu məqsədi
ilə martın 9-da Siyasi Şuranın genişləndirilmiş toplantısının keçirilməsini
məqsədəuyğun sayıblar.

İclasda cari məsələlərin müzakirəsindsən sonra müvafiq qərarlar qəbul olunub.

AzNews.az