Azərbaycan Böyük Britaniya ilə ikitərəfli əlaqələrin inkişafına ciddi önəm verir

Prezident seçkilərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev bu həftə ilk rəsmi səfərini Türkiyəyə etdi. Təbii ki, bu səfər iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğun həyata keçirildi. Bununla bir daha bəyan edildi ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələr, ən yaxın müttəfiqlərdir.

Türkiyədən sonra Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri reallaşdı. Bu səfər Türkiyə ilə yanaşı, Böyük Britaniya ilə Azərbaycan arasında da tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi, həmçinin Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm əhəmiyyət verdiyini bir daha nümayiş etdirdi.

Şübhəsiz ki, bu, heç də təsadüfi deyil. Çünki Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan xarici ölkələrdəndir. Təkcə Böyük Britaniyanın BP şirkəti ilə sıx əməkdaşlıq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyamızın həyata keçirilməsində başlıca rol oynayıb.

Dünən Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşündə dedi:

“Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir… Hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. Böyük Britaniyanın bir çox şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir, SOCAR-BP əməkdaşlığı strateji xarakter daşıyır…”.

Söz yoxdur ki, sözügedən ölkə ilə qarşılıqlı əməkdaşlıq tarixi əlaqələrlə sıx bağlıdır. Odur ki, Azərbaycan Respublikası - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı münasibətlərinin qısa tarixinə nəzər salaq.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 11 mart 1992-ci ildə qurulub. Bakıda Britaniya səfirliyi 1993-ci ilin sentyabr ayında, Londonda Azərbaycan səfirliyi isə 1994-cü ilin yanvar ayında açılıb. 19-23 fevral 1994-cü il və 19-24 iyul 1998-ci il - Prezident Heydər Əliyevin, eləcə də 13-14 dekabr 2004-cü il, 13-15 iyul 2009-cu ildə Prezident İlham Əliyevin Böyük Britaniyaya rəsmi səfərləri olub. Həmçinin, 6-7 avqust 2012-ci il tarixdə, London Olimpiya Oyunları zamanı İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri baş tutub. Eyni zamanda, Birləşmiş Krallıqdan Azərbaycana yüksək səviyyəli səfərlər həyata keçirilib.

Bu gün Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Böyük Britaniya Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Böyük Britaniya Parlamentində də Azərbaycan Parlament Qrupu mövcuddur. İki ölkə arasında hazırkı siyasi münasibətlərin təməli ümummilli lider Heydər Əliyevin Birləşmiş Krallığa 1994-cü və 1998-ci illərdə həyata keçirdiyi səfərləri zamanı qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Krallığa 2004-cü, 2009-cu və 2012-ci illərdəki səfərləri yüksək səviyyəli siyasi dialoqun gücləndirilməsinə və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verib. Hazırda hər iki ölkə siyasi dialoqun, həmçinin icraedici və qanunverici dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

Birləşmiş Krallıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə davamlı həllini dəstəkləyir. Birləşmiş Krallıq Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıyır və ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin həll olunması istiqamətində göstərilən səylərə dəstəyini ifadə edir.

Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi münasibətlər, xüsusilə də enerji sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsasını təşkil edir. Azərbaycan Birləşmiş Krallıq ilə Xəzər dənizinin Azərbaycan sektorunda neft və təbii qazın hasil olunması və beynəlxalq bazarlara nəql olunması sahəsində sıx əməkdaşlıq edir. Dünyanın aparıcı neft şirkətlərindən biri olan BP 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və “Əsrin Müqaviləsi” (Azəri-Çıraq-Günəşli yataqları) və Şahdəniz layihəsi kimi hasilatın pay bölgüsünə dair imzalanmış əsas sazişlərin həyata keçirilməsində iştirak edir. Bu gün BP şirkəti Şahdəniz-2 layihəsi üzrə əsas texniki operator və aparıcı iştirakçı şirkətlərdəndir…

Bir sözlə, BP və digər şirkətlərlə birgə həyata keçirilən enerji layihələri bu gün Azərbaycanın iqtisadi müstəqilliyinin təməlində dayanan əsas faktordur. Bu baxımdan, Azərbaycan müstəqillik əldə etdikdən sonra Böyük Britaniya ilə əlaqələrin hərtərəfli və sürətli inkişafında çox maraqlıdır.

Elgün
AzNews.az