- Köhnə - Siyasət
- 30 Mart 2013 21:35
- 1 435
«Milyarderlər İttifaqı»ndan Azərbaycan səfirinə sərt ittiham

Valeri Tatarintsevin Polad Bülbüloğluna şok məktubunun TAM MƏTNİ
Məlum olduğu kimi, "Milyarderlər İttifaqı" və "Azerros"un idarə heyətinin üzvü, keçmiş "FSB" polkovniki Valeri Tatarintsev Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışan Polad Bülbüloğluna sərt ifadələrin yer aldığı məktub ünvanlanıb.
Bu məktubun bir qismi Azərbaycan mətbuatında dərc olunsa da həmin məktubun tam mətnindən hələ də xəbərsizik. Elə bunu nəzərə alaraq sözügedən məktubu tərcümə edərək AzNews.az oxucusunun diqqətinə çatdırırıq.
Beləliklə, Valeri Tatarintsevin Polad Bülbüloğluna ünvanladığı məktubla tanış olaq:
Cənab səfir!
İstisna hallar məcbur etdi ki, mən - köhnə bakılı, sizə belə bir mövzuda məktub yazım. Biz, sizinlə eyni dövrün adamlarıyıq. Vaxt var idi ki, biz sizinlə eyni şəhərin küçələrini gəzirdik, eyni məktəbdə oxuyub, birgə kinoteatrlara gedib, eyni müğənnilərin (Rəşid Behbudov, sizin atanız Bülbül və digərləri) mahnılarını dinləyirdik. Gözəl şəhərimizin mənzərələrini birgə seyr edərək vətənimizin gözəlliyi ilə fəxr edərdik.
Ancaq indi bütün bunlar bir keçmiş olub. İndi biz vaxtilə sovet səhnələrini bəzəyən Müslüm Maqomayev və Polad Bülbüloğlu ilə fəxr etdiyimizi xatırlayırıq. O vaxtı sizi çox sevirdilər, hər kəs sizi dinləyirdi.. Bütün dünya sizin ifalarınızı eşidirdi. Biz isə bundan böyük fəxarət hissi duyurduq.
Ancaq indi demək istədiyim bunlar deyil. İndi siz yüksək vəzifəli bir şəxssiniz. Ona görə də indi bizlərin dostcasına uşaqlıq xatirələrindən danışmağa haqqımız çatmır. Əgər indi də nəyisə səhv deyirəmsə, onu müzakirə etməyin, cənab səfir!
Siz yəqin ki, Rusiyada daimi fəaliyyət göstərən Azərbaycan diasporunun və parçalanmış təşkilatların nəhayət ki, bir məqsəd uğrunda birləşməyindən xəbərdarsınız, hansı ki, biz həmişə bunun arzusunda olmuşuq. Və bütün bunların ağsaqqal Abbas Abbasovun başçılığı ilə baş tutduğunu yəqin ki, bilirsiniz. Bəlkə də o Rusiyada yeganə azərbaycanlıdır ki, bütün vətəndaşlarımızı vahid məqsəd üçün birləşdirməyə müvəffəq olub.
"Novruz-2013" isə onun ən böyük işi idi. Siz isə onu dəstəkləmədiniz. Bununla siz Rusiyadakı azərbaycanlılardan üz çevirdiyinizi sübut etmiş oldunuz... Təəssüf edirəm... Siz yəqin ki, bu növ tədbirlərə həmişə dəvətli olduğunuzu bilirsiniz. Orada sizi görmək nəinki xoş olardı, həm də sizin orada iştirakınız çox vacib idi.
Hətta 25 fevralda, "Azerros" tərəfindən təşkil edilən Xocalı soyqırımının növbəti ildönümünə həsr edilmiş tədbirə də dəvətli idiniz. Ancaq yenə də sizi orada görmədik. Halbuki orada iştirakınız olduqca vacib idi. Sizsə tədbirə nədən qatılmadığınıza dair heç bir izahat verməyi düşünmədiniz...
Əlbəttə biz sizdən hər hansı üzrxahlıq və ya izahat tələb etmək iqtidarında deyilik. Ancaq Xocalı soyqırımında şəhid olan kəslərin ruhuna başsağlı vermək sizin birbaşa vətəndaşlıq borcunuz idi. Amma siz bu məsuliyyəti də üzərinizdən atdınız. Təəssüflə deyə bilərəm ki, sizin bu hərəkətiniz heç bir məntiqi qaydalara sığımır.
Cənab səfir, siz bunu da başa düşmədiniz yoxsa?!
Hörmətli həmyerlimiz, bu hərəkətinizin mənasını bizə izah etmənizi sizdən xahiş edirik. Biz sizi hər zaman xalqımızın mənafeyini düşünən, mədəniyyətimizin layiqli təmsilçisi hesab etmişik. Amma təəssüf ki, bu düşüncələrimiz sizin son fəaliyyətiniz sayənizdə alt-üst oldu.
Fikrimizi bir qədər kobud ifadə etsək, siz həmyerlilərinizin ağır gününə də, şad gününə də sadəcə olaraq, tüpürürsüz. Belə olan halda biz sizə necə güvənə bilərik? Bundan sonra haqqınızda nə düşünməliyik? Biz azərbaycanlılar sizə, dövlətimizə necə inana bilərik?!
Hörmətlə:
Valeriy Tatarinsev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Rusiya Yazıçılar Birliyinin üzvü, Ağır Atletika üzrə Azərbaycan rekordçusu və çempionu.
Ruscadan mətni çevirdi:
Aynur Hüseynova