“Milli Şuranın taleyi əvvəlcədən bəlli idi“- Siyavuş Novruzov

"Bu mübarizə gedir və Milli Şuranın iflasına gətirib çıxarıb"



"Milli Şurada toplaşan adamların şəxsi maraqları həyata keçmədiyinə görə, artıq bir-birilərinə qarşı çıxırlar"

Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şura ilə "EL" hərəkatı arasında yaranan narazılığa münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, Milli Şuranın taleyi əvvəlcədən bəlli idi: "Milli Şurada müxtəlif əqidənin daşıyıcıları olan insanlar toplaşıb və orada da maraqlar məhz ümumxalq, ümumilli mənafe naminə deyil, şəxsi məqsədlər üzərində qurulub. Bu maraqlar həyata keçmədikdə onlar artıq bir-birilərin qırmağa, bir-birilərinə hücum etməyə başlayıb".

S.Novruzovun sözlərinə görə, uzun müddət idi ki, bu cür proseslər baş verirdi: "Hələ bundan öncə Xalq Cəbhəsi ilə Müsavat partiyaları arasında baş verib, indi də Eldar Namazovla İsa Qəmbər, Əli Kərimli və digərləri arasında baş verir. Bu mübarizə gedir və Milli Şuranın iflasına gətirib çıxarıb".

YAP icra katibinin müavini bildirib ki, onsuz da Milli Şura elə yaranandan ölü doğulmuşdu.

Onun sözlərinə görə, Milli Şurada toplaşan adamlar Azərbaycan xalqı, cəmiyyəti qarşısında özlərini ifşa edirlər və bir daha sübut edirlər ki, bu insanlar hər 3-4 ayda bir təşkilat dəyişmələrinə baxmayaraq bunların toplandığı təşkilat Azərbaycan xalqının, seçicisinin əleyhinə işləyir.

AzNews.az