ADP bəyanat yaydı

Prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyasından irəli sürülmüş Sərdar Cəlaloğlunun seçki qərargahı oktyabrın 10-da bəyanat yayıb. "Media forum" saytının məlumatına görə, bəyanatda deyilir:

- 9 oktyabr 2013-cü ilin prezident seçkisi Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinin tələblərinə tam uyğun keçirilməyib. Azərbaycan Demokrat Partiyasının seçki qərargahı seçki resurslarının məhdudluğu üzündən öz namizədinin bu seçkidə məğlub olduğunu qəbul edir.

Azərbaycan Demokrat Partiyası ölkədə iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə qaldırılmasının vacibliyini, demokratiyaya yumşaq keçidin tərəfdarı olduğunu bir daha vurğulayır, İlham Əliyevin yeni prezidentlik dönəminin dövlətimizə və xalqımıza xeyirli olmasını arzu edir, iqtidarı sabitliyin qorunması, ölkənin demokratiyaya tədrici keçidi, ölkədəki problemlərin həlli istiqamətində demokratik islahatların aparılmasına çağırır və bu istiqamətdə konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha bildirir.

AzNews.az