Siyavuş Novruzovdan Milli Şuranın mitinqinə münasibət

“Müxalifətin dünənki mitinqi çox sönük keçdi”



"Müxalifətin dünənki mitinqi çox sönük keçdi. Aydın görünürdü ki, belə mitinqi təşkil etməyə heç ehtiyac yoxdur. Cəmi 700-800 adamın toplaşdığı mitinqdəkilər əsasən müxalifətin qohum-əqrəbası idi. Bu gedişlə Milli Şuranın taleyi də İctimai Palatanın taleyinə dönəcək".

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S. Novruzov qeyd edib ki, artıq az-çox müxalifətə ümid edən elektoratın çox hissəsi də daha onlara qoşulmur: "Cəmil Həsənli növbəti dəfə də gəlib mərsiyə oxuyub getdi. Eyni şeylər təkrar olundu, sərbəst toplaşma azadlığı qaydaları pozuldu, şərəf və ləyaqəti təhqir edəcək sözlər, şər və böhtanlar səsləndirildi. Hesab edirəm ki, bununla bağlı müvafiq orqanlar da artıq lazımı ölçüləri götürməlidir. Çünki sərbəst toplaşma ilə bağlı qanunu dəfələrlə pozmalarına baxmayaraq, bunlara himayədarlıq edən, maddi dəstək verən xarici qüvvələr bunlara qanunları pozduğunu xatırlatmır".

YAP rəsmisi deyib ki, müxalifət təkrar mitinqlərlə qarşıdurma yaratmağa beynəlxalq təşkilatların və ABŞ Dövlət Departamentinin Azərbaycanda sərbəst toplaşma azadlığının pozulması ilə bağlı yeni bir bəyanat hazırlamasına çalışır: "Bunların şüurlu şəkildə getdikləri məqsəd budur. Biz onlara dəfələrlə xəbərdarlıq edirik ki, bu mitinqlərdə bu cür hərəkətlərə son qoysunlar".

S. Novruzov vurğulayıb ki, müxalifətin mitinqlərdə şərəf və ləyaqəti təhqir etməsi, şər və böhtan çağırışları ilə bağlı YAP rəsmi mövqeyini ortaya qoyacaq: "Bunun formasını müəyyənləşdirəcəyik və qanunun aliliyi qarşısında hamının bərabər olması məsələsini qaldıracağıq. Qanun heç kimə icazə vermir ki, özünü ərköyün uşaq kimi aparsın".

AzNews.az