- Köhnə - Siyasət
- 25 Noyabr 2013 14:42
- 3 873
Ümid Avropaya inteqrasiya ilə bağlı bəyanat yaydı
Ümid Partiyası bununla bağlı bəyanat yayıb.
Partiya hesab edir ki, Azərbaycan hökuməti oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı çərçivəsində saziş barədə qətnamədə göstərilən tövsiyələr, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər yerinə yetirilməlidir: "Avropa Parlamenti və Azərbaycanın Şərq Tərəfdaşlığı ilə bağlı siyasəti konkretləşməli, qanunun aliliyi və beynəlxalq hüququn üstünlüyü prinsipini qəbul edən Avro-Atlantik məkana inteqrasiya siyasətini davam etdirməli və bu istiqamətdə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir.
Xüsusilə də Avropa Birliyi ilə " Şərq Tərəfdaşlığı " çərçivəsindəki əməkdaşlıq genişləndirilməli və növbəti " Şərq Tərəfdaşlığı " sammitində bu qurumla Assosiativ üzvlük haqqında sazişi imzalamalıdır. Əks təqdirdə bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə, müstəqilliyimizi və suverenliyimizi təhdidlər və təhlükələr qarşısında qoymaqla yanaşı, öılkədə ciddi, xoşagəlməz hadisələrə səbəb ola bilər.
Avropaya inteqrasiyanın sürətlənməsi, Azərbaycanın Avropa ailəsinə daxil olması, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ölkənin demokratikləşməsinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olmasına, müstəqilliyimizin və suverenliyimizin daimi təhlükəsizliyinə, ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasına gətirib çıxaracaq".
Ümid Partiyası Azərbaycan hakimiyyətini bir daha Avro- Atlantik məkana inteqrasiya siyasətini davam etdirməyə, "Şərq Tərəfdaşlığı" sammitində bu qurumla Assosiativ üzvlük haqqında sazişi imzalamağa və üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə, bütün reallıqları və dövlətin milli maraqlarını nəzərə alaraq bu istiqamətdə qətiyyətli mövqe tutmağa çağırıb.
Elman
AzNews.az