Morningstar Bakıda son çıxışını etdi: “Kədərlənirəm”

Bu gün ABŞ - ın ölkəmizdəki səfiri Riçard Morningstar səlahiyyətlərinin bitməsi ilə əlaqədar vida çıxışı edib. AzNews.az xəbər verir ki, bir çox maraqlı məsələlərə toxunan diplomatik nümayəndənin rəhbəri, Azərbaycanla dost münasibətlərində olduğunu, təmsil etdiyi ölkənin ən vacib məqamlarda rəsmi Bakını dəstəklədiyini bildirib:
"Mən həmişə Azərbaycanın dostu olmuşam və olacağam. İstəyirəm bu ölkədə söz azadlığı, insan hüquqları məsələsinə daha ciddi fikir verilsin. Ötən iki il ərzində mənim etdiklərim və dediklərimin bir məqsədi olub. O da Azərbaycanla demokratik və bazar iqtisadiyyatına əsaslanan ölkəyə çevrilməsi istiqamətində irəliləyiş əldə etmək üçün əməkdaşlıq etmək".

Səfir Azərbaycandan getdiyi üçün kədərləndiyini də gizlətməyib: "Mən bu ölkəyə birinci dəfə 1995-ci ildən səfər etmişəm. Həmin vaxt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi əməliyyatlar dayandırmaq üçün atəşkəs sazişi imzalanmışdı. İqtisadiyyat böhran yaşayırdı. Bu 20 ilə yaxın vaxtda Azərbaycan böyük iqtisadi inkişafa nail olub, ölkənin əksər sahələrində müsbət dəyişikliklər baş verib. Azərbaycan xalqı çox böyük çətinliklərin öhdəsindən gəlib və siz bununla fəxr etməlisiniz. Burada mənim dostlarım, mənə çox əziz olan insanlar var. Səfir olmaq mənim üçün şərəf idi və bundan məmnun idim... Mən getdiyimə görə kədərlənirəm".

Azər
AzNews.az