Zakir Həsənov ABŞ komandanını qəbul etdi- Foto

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Müdafiə Nazirliyinin Nəqliyyat Komandanlığının komandanı general Pol Cozef Selvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müdafiə naziri qonaqları salamlayaraq bölgədəki vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının, düşmənin kəşfiyyat-təxribat basqınlarının sayının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə onlara ətraflı məlumat verib.
Nazir ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrindən və qarşılıqlı əlaqələrin genişlənməsindən məmnun olduğunu qeyd edib.

Qonaq Silahlı Qüvvələrimizin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib və tərəflər arasında davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümunə kimi diqqətə çatdırıb.
Sonra ikitərəfli əməkdaşlığa dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.




AzNews.az