“Faktlar və rəqəmlər ermənilərin iddiasını yalanlayır” “Faktlar və rəqəmlər ermənilərin iddiasını yalanlayır”

Nazirlik ermənilərin xəbərinə reaksiya verdi

“Faktlar və rəqəmlər ermənilərin iddiasını yalanlayır”



Ermənistanın armenpress.am saytı online turizm bələdçisi TravelVivi-nin hesabatı yayıb. Həmin hesabatda Azərbaycan səyahət üçün təhlükəli olan top 5-liyə daxil edilib. Qeyd edilib ki, Azərbaycan bu ölkəyə gələn turistlərin həyat və sağlamlıqları üçün ciddi təhlükədir.

Turistlərin Azərbaycanda hər bir hüquq pozuntusu ilə üzləşə biləcəyi bildirilən hesabatda bundan əlavə, manşetə yerləşdirilən şəkildə Azərbaycan xəritəsi Qarabağsız və üzərindən xətt çəkilərək təqdim olunub.

Bununla bağlı AzNews.az-ın sualını cavablandıran Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov ermənilərin həmişə belə təxribatla məşğul olduğunu, hətta beynəlxalq tədbirlərdə də xarakterik əməllərinə sadiq qaldıqlarını deyib: "Bu bir düşmənçilik təbliğatıdır, biz də buna qarşı hazırıq. Faktlar və rəqəmlər son illərdə Azərbaycana gələn turistlərin sayının artdığını göstərir ki, bu, da ermənilərin iddialarını yalanlayır. Sabitlik və təhlükəsizlik Azərbaycana turist axınını sürətləndirir".

Nazirlik rəsmisi onu da əlavə edib ki, Azərbaycan son bir neçə turizm sərgisində iştirak edib və həmin sərgilərdə ölkənin mövcud turizm potensialı barədə ətraflı məlumat da verilib: "Azərbaycan Ümumdünya Turizm Təşkilatında və digər beynəlxalq qurumlarda böyük nüfuza malikdir və bizim mövqeyimiz də onların diqqətinə çatdırılıb".

Gültəkin Qəhrəmanlı
AzNews.az