"Bu qətnamə Azərbaycana təzyiq mexanizmidir”

“Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi “qətnamə” qərəzdən başqa bir şey deyil”.


AzNews.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Fuad Muradov bildirib.

Deputat qeyd edib ki, qətnamədə yer alan fikirlər konkret faktara əsaslanmır: "Bu, sadəcə olaraq Azərbaycana qarşı olan qərəzli kampaniyanın tərkib hissəsidir".

Qətnamədə guya insan hüquq və azadlıqlarının pozulması hallarını "qınayan" Avropa Parlamentinə F.Muradov elə Avropanın özündə insanların milli və dini mənsubiyyətinə görə, pozulan hüquqlarına nəzər salmağı tövsiyə edib: "Bu gün Avropanın özündə insan haqlarının pozulması sayəsində ciddi problemlər mövcuddur. Avropada demək olar ki, tolerantlıq məsələsi çox aşağı səviyyədədir. Amma Azərbaycanda bu sahədə və digər sahələrdə hər hansı problemlər mövcud deyil".

Deputat onu da əlavə edib ki, qətnamədə qərəzli məqam isə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları sahəsində tapılan "nöqsanlardır."

F.Muradov bildirib ki, bu qətnamə layihəsini hazırlayanların deyəsən Azərbaycandan heç xəbərləri yoxdur: "Yoxsa Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarından, QHT-lərdən məlumatları olardı".

F.Muradov vurğulayıb ki, bütün bunlar sadəcə olaraq Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin işidir: "Azərbaycanın bugünkü inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda, seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz torpaqlarımızın işğaldan azad edilməsidir. Ermənilər isə cəbhə xəttində təxribatlarla məşğuldurlar. Azərbaycan hazırda öz ərazi bütövlüyü məsələsində kəskin mövqeyini ortaya qoyub və erməni tərəfinə adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüfi sayıla bilməz. Görünür, istər ölkə rəhbərliyinin, istərsə də Azərbaycan xalqının ərazi bütövlüyü məsələsində yekdil mövqeyi bu cür qara qüvvələrin narahatlığına səbəb olub".