Sahib Kərimli “satqın” ittihamlarına cavab verdi: “Liderlər dözümlü olar”

Sahib Kərimlinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin postuna namizədliyini irəli sürməsi sözügedən qurumda narazılıqla qarşılanıb.


Hətta bəziləri S.Kərimlinin bu addımını partiyaya qarşı satqınlıq kimi dəyərləndirib.

AzNews.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müşaviri Sahib Kərimli isə ona qarşı olunan ittihamların heç biri ilə razılaşmaylb: "Mənə satqın deyirlər. İddia qoydum, AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır, altında niyyət axtarılır. Nədən sataraq iddialı olum? Bəlkə inanaraq oluram? Özünə güvənərək? Yarışaq, özümüzü təqdim edək, fayda verək. Uduzduqsa əl sıxaq, öyrənək, öyrədək. Bu ölkədə milli qüvvələr elə bu satqın axtarışındamı qocalacaq? Kimi kimə satırlar? Özünə güvənən, sözü olan, iddiası olan nədən azadlığını satsın?"

S.Kərimli qeyd edib ki, ölkəsinə fayda vermək istəyən iddialı adamlar, lider keyfiyyətləri olanlar satılmazlar, satın almazlar, dözümlü olarlar.

Xatırladaq ki, AXCP sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində qurultay keçirəcək. Partiyadan sədr postuna hələlik iki nəfər - Əli Kərimli və Sahib Kərimli namizədliyini irəli sürüb.

Bahar RÜSTƏMLİ
AzNews.az