QAT-dan İsa Qəmbərə ağır ittihamlar - BƏYANAT

Qarabağ Azadlıq Təşkilatı son vaxtlar yenidən gündəmə gələn "xalq diplomatiyası" ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Son günlərdə "xalq diplomatiyası" oyunlarının yeni dalğası müşahidə olunur. Zərdüşt Əlizadə və Arzu Abdullayeva cütlüyü Ermənistan-Gürcüstan sərhədində ermənilərlə görüşlərə gedir, Arif Yunis Ermənistanda ermənilərlə müzakirələr keçirir, Söyün Sadıxov Moskvada ermənilərlə bir araya gəlir, İsa Qəmbər isə Tiflisdə erməni partiyası ilə görüşüb əməkdaşlıq məsələlərini müzakirə etməyə hazırlaşır. Zərdüşt Əlizadə, Arif Yunis, Söyün Sadıxov kimiləri cəmiyyət yaxşı tanıyır, onlar vicdanlarını şeytana satmış adamlardı, kim pul versə, ona xidmət edirlər.

İsa Qəmbərin də bu dəstəyə qoşulmasına təəssüf edirik, görünür, başqan da ermənilərin pul kisəsi qarşısında nəfsini qoruyub saxlaya bilmədi. Biz müsavatçıları bu məsələdə obyektiv olmağa, partiya, qrup maraqlarından deyil, milli maraqlardan çıxış etməyə, başqanın bu yoldan geri çəkilməsinə nail olmağa çağırırıq. Müsavatçı adı bütün Azərbaycan üçün əzizdir, bu adın ləkələnməsinə yol vermək olmaz. Heç kəs bu hərəkətlərə bəraət qazandırmağa çalışmasın, bu, müdafiə olunası hərəkət deyil. Qarabağ Azadlıq Təşkilatı işğalçı Ermənistan nümayəndələri ilə əməkdaşlığa gedən istənilən şəxsi, hakimiyyət və ya müxalifət nümayəndəsi olmasından asılı olmayaraq ittiham edir.

"Xalq diplomatiyası" adı altında baş verən oyunlara bir daha aydınlıq gətirmək istəyirik. Bəzi beynəlxalq mərkəzlər hesab edirlər ki, Qarabağ məsələsi artıq ermənilərin qələbəsi ilə başa çatıb, ona görə də münaqişədən sonrakı vəziyyəti nizama salmaq, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında münasibətləri normallaşdırmaq, Azərbaycan cəmiyyətini mövcud reallıqlara razı salmaq lazımdır. İndi vəziyyət belədir, kim bunu görmək istəmirsə, ya həddindən artıq sadəlövhdür, ya da bilərəkdən bu proseslərə yardım edir.

Bəzi beynəlxalq mərkəzlərin Ermənistanın maraqlarına uyğun olaraq həyata keçirdiyi xətt Azərbaycanın maraqlarına qətiyyən cavab vermir və təslimçi sülhün əldə olunmasına xidmət edir. Onlar məqsədlərinə çatmaq üçün Azərbaycanın daxilində də özlərinə müttəfiqlər tapmağa, prosesə cəlb etməyə çalışırlar. Ona görə də, bu prosesdə bilərəkdən və ya bilməyərəkdən iştirak edənlər Azərbaycanın milli maraqlarına xəyanət edirlər.

Biz bir daha bəyan edirik ki, düşmən öz niyyətlərinə nail ola bilməyəcək, daxildə onlarla əməkdaşlıq edənlərin, ermənilərə xidmət göstərənlərin də bu prosesdə iştirakı heç nəyi həll etməyəcək. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq digər vətənpərvər qüvvələrlə birlikdə düşmənin məkrli niyyətlərinin həyata keçirilməsinə imkan verməyəcəyik".

AzNews.az