YAP-dan terror - Açıqlaması

“Yeni Azərbaycan Partiyası Fransada baş verən qanlı terror hadisəsini hiddətlə pisləyir”.


AzNews.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Fransanın paytaxtı Paris şəhərində törədilmiş qanlı terror hadisələrini şərh edərkən bildirib.

Ə.Əhmədov vurğulayıb ki, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, terrorizm hazırda insanlığı narahat edən əsas bəlaya çevrilib: "Günahsız insanları qurban seçən terrorizmə və terrorçulara haqq qazandırmaq mümkün deyil. Bütün ölkələr və xalqlar formasından, ideologiyasından, motivlərindən və yerlərindən asılı olmayaraq, terrorizmin kökünü kəsmək üçün birləşmək məcburiyyətindədir. Bunun alternativi insanları real ölümlə üz-üzə qoymaqdır".

O, qeyd edib ki, ölkələr hər hansı istisnalara yol vermədən qlobal bəlaya çevrilmiş terrorizmdən tezliklə xilas olunmalıdır: "Parisdə törədilmiş terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına, bütün Fransa xalqına başsağlığı veririk".

Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.