İnsan Hüquqları üzrə Avropa komissarı Vəkillər Kollegiyasını ziyarət etdi

Xanım Miyatoviç görüşdən məmnunluğunu bildirib

Ölkəmizdə rəsmi səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi və bir sıra vəkillərlə ilə görüşüb.

Qonağı salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov son dövrlər Avropa Şurası ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətləri, bu münasibətlərin daim inkişaf etdirildiyini və Vəkillər Kollegiyası üçün əhəmiyyətli olduğunu vurğulayıb.

İnsan hüquqları üzrə Avropa komissarı kimi ilk dəfə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşün onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini, vəkilliyə qəbul, vəkillərin intizam icraatı, o cümlədən, vəkillərin gündəlik fəaliyyətlərində qarşılaşdıqları çətinliklər barədə ətraflı məlumat almaq istəyini bildirib.

Öz növbəsində Anar Bağırov vəkilliyə qəbulla bağlı ixtisas imtahanları, imtahanların gedişatı və aparılma proseduru, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, eləcə də vəkillərin intizam icraatı, vəkillərin etik davranış qaydalarının Avropa standartları ilə uzlaşması, habelə maraq kəsb edən digər məsələlər barədə Komissara məlumat verib, intizam icraatları ilə bağlı statistikanı qonağa təqdim edib.

Görüşdə həmçinin vəkillərin peşə fəaliyyətləri zamanı qarşılaşdıqları problemlər, onların prosessual hüquq və səlahiyyətləri, gələcəkdə vəkil peşəsinin inkişaf perspektivləri, xüsusilə vəkillərin prosessual hüquqlarının genişləndirilməsi, vəkilliyə qəbul prosesinin daha da sadələşdirilməsi və s. əhəmiyyət kəsb edən məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Bundan başqa, ölkəmizin Avropa Şurasının HELP proqramının təşviqi üzrə Avropa Şurasına 47 üzv ölkə arasında 10-cu yerdə olması, gələcəkdə HELP platforması üzrə vəkillərin tədrisinin davam etdirilməsinin vacibliyi qeyd olunub.

İnsan Hüquqları üzrə Avropa komissarı xanım Miyatoviç görüşdən məmnunluğunu bildirib, qeyd olunan məsələlər bağlı müvafiq təşəbbüslərə Avropa Şurası tərəfindən dəstək verilməsinin vacibliyini qeyd edib.

Daha sonra xanım Komissar tərəfindən görüşdə iştirak edən vəkillərə peşələrinin həyata keçirilməsi ilə bağlı suallar verilib, həmçinin vəkillər tərəfindən onları maraqlandıran məsələlər üzrə təkliflərlə çıxış edilib.

Görüşdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes, İnsan Hüquqları üzrə Avropa Komissarının Ofisinin təmsilçiləri də iştirak edirdi.

Sonda qonaqlarla xatirə şəkili çəkilib.(barassociation.az)

AzNews.az

image description image description image description image description image description image description