• Toplum
  • 14 Oktyabr 2020 20:38
  •  856

“Virusa yoluxma sayı artarsa, həkim çatışmazlığı yaşana bilər”

Bir insan yoluxarsa, o, 14 gün ərzində izolyasiya olunmalıdır

“Bir müddət Azərbaycanda koronavirusa yoluxma sayında azalma müşahidə olunurdu. Gündəlik yoluxma sayı 80-90 nəfər idi, 100-ə çatmırdı. Bu da sanki insanlarda arxayınlıq yaratdı. Ölkədə baş verən digər hadisələr, cəbhə bölgəsindən aldığımız sevindirici xəbərlər, insanların emosional davranışları fonunda xəstəlik ikinci, üçüncü, hətta dördüncü plana keçmiş oldu. Bu da yoluxma sayının artmasına, xəstəliyə barmaqarası yanaşmaya, qorunma tədbirlərindən uzaqlaşmaya səbəb oldu”.

AzNews.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında həkim-infeksionist Nəzrin Mustafayeva deyib.

O bildirib ki, son günlər “COVID”ə yoluxma statistikasında müşahidə olunan artımın bir neçə səbəbi var. Havaların soyuması ilə əlaqədar insanlar artıq qapalı məkanlara toplanır, olduqları məkanları gec-gec havalandırır, məktəblər açılır, iş yerləri tam işçi sayı ilə fəaliyyətə başlayırlar. Bütün bunlar yoluxma hallarının artmasına səbəb olur:

“Bu virusun müalicəsi, peyvəndi ilə bağlı müəyyən yeniliklər olsa da, araşdırmalar davam etdirilsə də də, hələ ki, koronavirusun spesifik müalicəsi, peyvəndi yoxdur. Əlimizdə olan çoxsaylı qorunma üsulları – maskadan istifadə, sıxlıq olan məkanlardan uzaq durmaq, respirator və əl gigiyenamıza riayət etməkdir. Virusun mutasiyaya uğraması ilə bağlı da suallar çox olur. Təəssüf ki, nə virusun mutasiyaya uğraması, nə də yeni ştampının yaranmasını elm sübuta yetirməyib”.

N. Mustafayeva həmçinin bildirib ki, testlər mütəmadi olaraq davam etdirilir. Ölkə üzrə gündəlik 10 min civarında test etmə imkanı var. Şübhəli xəstələrdən kəskin respirator infeksiya əlamətləri olan şəxslərdən nümunələr götürülür. O qeyd edib ki, cavanlar arasında xəstəlik yüngül keçir. Lakin təəssüflər olsun ki, say artdıqca, ölüm halları da müşahidə edilir.

Həkim bildirib ki, virusa yoluxanlar arasında tibbi müalicə üsulları ilə yanaşı türkəçarə üsullara baş vuranlar da var: “Bəzən xəstəlik normal gedişatda heç bir müalicə olunmadan belə sağala bilir. Virusa yoluxanlar arasında bir qrup insan türkəçarə metodlarına istifadə edir. Onlar sağalmalarını bu prosedurlara bağlayırlar. Lakin həmin insanlar onsuz da sağalacaqdılar”.

N. Mustafayeva vurğulayıb ki, bəzən cəbhədən gələn sevindirici xəbərlərə görə bəzi insanlar koronavirusla bağlı təhlükəni ikinci plana keçirirlər: “Lakin bu da bir cəhbədir. Bu xəstəlik də xeyli itkilərə səbəb olub, xeyli canlar alıb. Tibb işçilərimizin bir hissəsi cəbhə bölgəsindədirlər, yaralıların müalicəsilə məşğul olurlar, bir hissəsi koronavirusla mübarizə aparır. M.K. Atatürkün bir fikri var, “Vətənini ən çox sevən şəxs öz görəvini, öz vəzifəsini ən yaxşı yerinə yetirən şəxsdir. Biz vətəndaş kimi qorunma qaydalarına riayət etməliyik, həkim kimi insanları müalicə etməliyik, hərbçi kimi vətənimizi müdafiə etməliyik. Cəmiyyət kimi bizim üzərimizə düşən qorunma qaydalarına əməl etməkdir ki, vəziyyət gərginləşməsin. Əgər bu virus orduda yayılarsa, çox ciddi vəziyyətə gətirib çıxara bilər. Bir insan yoluxarsa, o, 14 gün ərzində izolyasiya olunmalıdır. Yəni bu müddətdə işindən, xidmətindən qalmış olur. Bu, məsələnin ən narahat edən tərəflərindən biridir”.

Həkim, həmçinin, vurğulayıb ki, hazırda Azərbaycanda sağalan insanların da sayı çoxdur. Onlardan kifayət qədər immunoplazma alınıb və bu müalicə sahəsində müəyyən effektlər verir.

“Hazırda kifayət qədər həkimlərimiz, tibb personalımız var. Əgər virusa yoluxma sayı artarsa, bu rəqəmlər nəzarətdən çıxarsa, həkim çatışmazlığı yaşana bilər. Nəinki bizdə, bütün dünyada səhiyyə pandemiya dövrü üçün hesablanmayıb”.

N. Mustafayeva son vaxtlar insanlar arasında geniş istifadə olunan dekorativ maskalardan da danışıb. Bildirib ki, virus təzə başlayanda ancaq adi maskalardan istifadə olunurdu. Amma indi müxtəlif çeşidli maskalardan istifadə olunur: “Dekorativ maskalar, nano maskalar var. Lakin bunların qoruyuculuq effekti azdır. Bəzən insanlar məcburiyyətdən maskadan istifadə edirlər. Amma bunun mahiyyətini başa düşməlidirlər. Əslində maska insan sağlamlığı üçündür. Əgər maskanı ağız hissəmizə taxacağıqsa, çənəmizdə saxlayacağıqsa, onu taxmağın heç bir əhəmiyyəti qalmayacaq”.