“Maskadan istifadə peyvənd kimi rol oynayır”

Ötən günə yox, bu günə olan rəqəmlərə baxmaq lazımdır

“Maska taxmaqla biz təkcə “COVID”dən yox, digər respirator xəstəlikdən də qorunuruq. Hətta araşdırmalara görə, maska istifadəsi peyvənd kimi rol oynayır. Ola bilər ki, bir miqdar virus maskadan keçsin. Amma o viruslar insanda xəstəlik yarada bilmir, əvəzində immunitet yaradır”.

AzNews.az xəbər verir ki, bunu REAL TV-yə TƏBİB-in departament rəhbəri Yaqut Qareyeva bildirib. O həmçinin əlavə edib ki, hər kəs, o cümlədən, bir dəfə bu virusa yoluxan şəxslər belə maskadan istifadə etməlidirlər.

Son günlər virusa yoluxma sayında dəyişikliklərə gəlincə isə, Y. Qarayeva qeyd edib ki, həftə sonları aparılan test sayı azaldığı üçün bəzən birinci günlərə çıxan pozitiv nəticə sayı bizi çox ümidləndirir. Ona görə də ötən günə yox, bu günə olan rəqəmlərə baxmaq lazımdır:

“Bugünkü rəqəmlər daha çox ümidvericidir. Biz bilirik ki, koronavirus yoluxucu xəstəlikdir, hər bir pozitiv hadisənin 10-dək kontakt təmaslısı olur və bu rəqəm artmaqda davam edir. Həftə sonu 800-900 rəqəm var idi və biz bunun artacağını gözləyirdik. Lakin belə bir rəqəmin olması ümidvericidir və göstərir ki, biz düzgün istiqamətdəyik”.

Y. Qarayeva bildirib ki, bütün bölgələrdə aşkarlanma var, bəzi bölgələrdə isə rəqəmlər daha cididir. Ona görə də həmin rayonlarda karantin rejimində sərt lokal qapanmalar var.

TƏBİB rəsmisi ölkədə koronavirusla mübarizə aparan həkimlərdən də danışıb və bildirib ki, 9 aya yaxındır sərt rejimdə çalışan həkimlər artıq yorulublar:

“Biz bu vəziyyətin sonu olacağını düşünərkən rəqəmlər yenidən artmağa başladı. Bizim hazırda əsas işimiz qələbəmizə kömək etməyə yönəlib. Həkimlərimiz könüllü olaraq cəbhə bölgəsinə gedirlər, əsgərlərimizə dəstək olmağa çalışırlar. Amma xəstəlik artırsa, biz hansısa tibb müəssisələrimizi pandemiyaya uyğun istifadə etməyə başlayırıq. Bəzən bir neçə saat ərzində xəstəxana dolur. Bu xəstələrə qulluq edəcək personala ehtiyac var. Hər birimiz bunu dərk etməliyik və özümüzü qorumalıyıq ki, həm də həkimlərimizə də dəstək olaq”.