- Toplum
- 16:20
- 1 845
“Radarın yerini bilirlər, sürəti orada azaldırlar” - Elməddin Muradlı

“Azərbaycanda yol-nəqliyyat hadisələrinin səbəblərinə əsaslanan sistemli təsnifatı hələ də aparılmayıb. Statistika daha çox qəzanın harada baş verdiyini göstərir, lakin səbəblər və qarşısının alınması yolları barədə məlumatlar kifayət qədər deyil. Bu səbəbdən bəzi ərazilərdə eyni tipli qəzalar təkrar-təkrar baş verir və nəticələri daha ağır olur. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu tam oturuşmadığı, sürücülər isə dağlıq şəraitə öyrəşmədiyi üçün qəzalar artıb. Bu ərazilərdə həm hərbi, həm də mülki nəqliyyatın hərəkəti üçün maarifləndirməyə və təhlükəsizlik tədbirlərinə ehtiyac var”.
Bu fikirləri Aznews.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Qeyd edək ki, Azərbaycanda yol-nəqliyyat hadisələrinin səbəblərinə əsaslanan təsnifat indiyədək aparılmayıb. Bunu “Jurnalistika və İnkişaf Mərkəzi”nin sədri Elməddin Muradlı ictimai müzakirədə deyib. Onun sözlərinə görə, qəzaların əsas səbəbləri sürət həddinin aşılması və piyadaların qaydalara əməl etməməsidir. Əksər hadisələr keçidlər ətrafında baş verdiyi üçün həmin yerlərdə çəpərlənməyə ehtiyac var.
Ekspertin sözlərinə görə, yol qəzalarının əsas səbəbləri sürət həddinin aşılması, ötmə və manevr qaydalarının pozulması, nəqliyyat vasitələrinin texniki nasazlıqları, yol nişanlarının qeyri-dəqiq yerləşdirilməsi, eləcə də piyadaların davranış qaydalarına riayət etməməsidir.
“Sürücülər radarların yerini bildiklərindən yalnız həmin nöqtələrdə sürəti azaldırlar. Məsələn, Bibiheybət-Şıxov yolundakı sərt döngədə dəfələrlə ağır qəzalar baş verib, lakin önləyici tədbirlər görülməyib. Avtomobil parkı sürətlə böyüyür, təcrübəsiz sürücülərin sayının artması da qəzaların çoxalmasına səbəb olur. Təlimçilərin sertifikatlaşdırılması və təlim poliqonlarının artırılması vacibdir. Dronlarla nəzarət, mobil radarlar və yol nişanlarının görünürlüyünün təmin edilməsi kimi texniki həllər vacibdir. Dəmir yolları və keçidlərdəki təhlükəli vəziyyətlər, keçidlərin istifadəyə yararsız olması piyadavurma hallarını artırır. Keçidlərin işıqlandırılması və yerləşmə nöqtələrinin piyada axınına uyğunlaşdırılması lazımdır. Sığorta şirkətləri də qəza ocaqlarının aşkarlanması və maarifləndirmə işlərinə dəstək verməlidirlər. Xarici təcrübədə bu şirkətlər yol təhlükəsizliyinə sərmayə qoyur, çünki qəza onların da ziyanına olur. Bizdə isə bu vəsait sadəcə reklam və promosyonlara xərclənir. Son olaraq, cərimə sistemi də effektiv işləmir. Cərimə alacaq və mexanizmlər var, lakin tətbiqi zəifdir. Qəzaların qarşısını almaq üçün yalnız cərimələr deyil, ciddi profilaktik tədbirlər və infrastruktur dəyişikliyi lazımdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az