“İran sanksiyalara qarşı immunitet qazanıb” -Rəşad Bayramov

“Məlumdur ki, İran uzun müddətdir Qərbin sərt sanksiyaları ilə üz-üzədir və bu müddət ərzində sözügedən məhdudiyyətlər ölkə iqtisadiyyatına ciddi təsir göstərib. Enerji ehtiyatları baxımından kifayət qədər zəngin olan İranın bu dərəcədə zəif iqtisadiyyata sahib olması, zaman-zaman enerji problemləri ilə qarşılaşması – o cümlədən yanacaqdoldurma məntəqələrində benzin, dizel və digər yanacaq növlərinin çatışmazlığının yaşanması – sanksiyaların nə qədər ağır nəticələr doğurduğunu göstərir. Buna baxmayaraq, İran hakimiyyəti nüvə proqramını davam etdirməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib. Rəsmi Tehran nüvə texnologiyasına ölkənin təhlükəsizliyinə təminat kimi baxır. İsrail və Qərb isə bu fəaliyyəti təhdid kimi dəyərləndirir və bu səbəbdən İrana qarşı təzyiqləri davam etdirir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün avqust ayının sonunu son tarix kimi müəyyən ediblər. Əgər bu müddətə qədər razılıq əldə olunmasa, Tehran daha sərt və genişmiqyaslı sanksiyalarla üzləşəcək. Bu qərar Qərb dövlətlərinin İranın nüvə proqramı ilə bağlı artan narahatlıqları fonunda verilib. Məqsəd İranı danışıqlar masasına qaytarmaq və regionda təhlükəsizlik risklərinin qarşısını almaqdır.

Siyasi şərhçi bildirib ki, bundan sonra tətbiq olunacaq yeni sanksiyaların əhatə dairəsi xüsusi əhəmiyyət daşıyır.

“Çünki indiyə qədər demək olar ki, elə bir sahə qalmayıb ki, o, sanksiyalar altına düşməsin. Bununla belə, Qərbin tətbiq etdiyi mövcud sanksiyalar İranın məhsullarını Hindistan və digər istiqamətlərə çıxarmasına ciddi maneə yaratmayıb. Əgər gələcəkdə bu məhsulları alan ikinci ölkələrə qarşı da sanksiya paketi hazırlanarsa, bu, müəyyən mənada daha effektiv təsir göstərə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İran sanksiyalardan illərlə əziyyət çəkən bir ölkə olaraq müəyyən “immunitet” qazanıb. İranda hakim rejim kifayət qədər maliyyə və inzibati resurslara sahibdir və sadə vətəndaşların gündəlik problemləri rejimi bir o qədər də narahat etmir. Bu səbəbdən də Tehran tətbiq olunan sanksiyalara operativ şəkildə reaksiya vermir və onlardan yayınmaq üçün alternativ yollar axtarır. Bütün bunlara baxmayaraq, sanksiyaların müəyyən təsiri var və bu, Qərbin İrana təzyiq göstərmək üçün əsas vasitələrindən biri olaraq qalır. Lakin sanksiyaların təkbaşına Tehranı masa arxasına əyləşdirəcəyini demək çətindir. İranın nüvə sazişinə qayıtması üçün yalnız iqtisadi deyil, eyni zamanda siyasi və strateji təzyiqlərin də gücləndirilməsi zəruridir. O cümlədən, İranın ixrac etdiyi bazarlara qarşı sərt addımlar, regional təhlükəsizlik risklərinin artması və digər paralel təzyiq vasitələri rejimi danışıqlara sövq edə bilər. Əks halda, indiyə qədər tətbiq olunmuş ənənəvi sanksiyaların ciddi dəyişiklik yaradacağını gözləmək real deyil”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az