Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl və sistemli şəkildə həyata keçirir. Bu istiqamətdə tam şəffaflıq, obyektivlik və bərabərlik prinsiplərinə əsaslanan ixtisas imtahanlarının təşkili təmin edilib.
2025-ci il noyabrın 20-dən etibarən yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 65 nəfər vəkilliyə namizəd üçün AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib.
Təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılması, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsi, habelə vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin mənimsədilməsi məqsədi daşıyır.
Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev vəkilliyə namizədləri təbrik edərək onlara uğurlar arzulayıb. Təlimin əhəmiyyətindən danışan rektor nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların mənimsənilməsinin vacibliyini dilə gətirib.
VK Rəyasət Heyətinin sədri Anar Bağırov yeni təlim mərhələsinin açılışında çıxış edərək vəkilliyə namizədləri təbrik edib, onlara uğurlar arzulayıb və bu mərhələnin peşə hazırlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Sədr diqqətə çatdırıb ki, bu proqram yalnız nəzəri biliklərin artırılmasına deyil, həm də peşə hazırlığının təkmilləşdirilməsinə, praktiki bacarıqların gücləndirilməsinə və beynəlxalq təcrübənin öyrənilməsinə hesablanıb. Təlim məzmunu müasir hüquqi çağırışlara adekvat şəkildə formalaşdırılıb və gələcək vəkillərin ədalət mühakiməsində rolunu daha da gücləndirmək məqsədi daşıyır.

AzNews.az