Prorektor: ADA Universiteti "yaşıl enerji"nin inkişafı üçün laboratoriyalar yaratmağı planlaşdırır

ADA Universitetində şirkətlərin "yaşıl enerji" və bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı, həmçinin yeni texnologiyaların tətbiqi üçün tələbə və müəllimlərlə birgə işləmək imkanı əldə edəcəyi laboratoriyaların yaradılması planlaşdırılır.

Aznews.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi" çərçivəsində panel müzakirədə deyib.

"İndi bizdə (ADA Universitetində - red.) şirkətlərin gəlib yaşıl enerjini, BOEM-i və yeni texnologiyaları inkişaf etdirə biləcəyi laboratoriyaların yaradılmasına dair böyük bir baxış var. Biz, həmçinin kənd təsərrüfatı üzrə davamlı metodları işləyib hazırlamaq, suya qənaət etmək, səmərəliliyi artırmaq və bitkilərin iqlim dəyişikliyinə davamlılığını təmin etmək üçün müasir sensorlar və avadanlıqlar tətbiq etmək məqsədilə kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq edirik", - İsmayılzadə qeyd edib.

Onun sözlərinə görə, bu təşəbbüslər tələbə və universitet tədqiqat layihələri vasitəsilə, eləcə də sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.