- Toplum
- 10:36
- 1 016
"Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb" - Anar Kərimov
Son 5 ildə Azərbaycanda gənclərin təhsilinə təxminən 2 milyard ABŞ dolları pul ayrılıb, o cümlədən Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu vasitəsilə indiyə təxminən 70 min gəncə müxtəlif formalarda dəstək göstərilib.
Aznews.az xəbər verir ki, bunu maliyyə nazirinin I müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclik: Müştərək Regional Rifahın Hərəkətverici Qüvvəsi" tədbirində bildirib.
"Gənclərə ayırmalar xərc deyil, milli inkişaf üçün strateji investisiyadır. İnanıram ki, ən vacib məsələ insanların maliyyələşdirilməsidir. Çünki İsDB-yə üzv ölkələrdə yaşayan milyonlarla gənc ən böyük inkişaf potensiallarından birini təmsil edir. Lakin imkanlar öz-özünə yaranmır. Onlar dəstəklənməli, formalaşdırılmalı, maliyyələşdirilməli, sərhədlərarası əməkdaşlıq vasitəsilə bir-biri ilə əlaqələndirilməlidir. Çünki istedad və innovasiya sərhəd tanımır. Azərbaycanda biz gənclərə inanırıq və hesab edirik ki, onlar sadəcə xərc maddəsi deyil, milli inkişafın ayrılmaz hissəsi olan strateji investisiyadır", - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, Azərbaycan gənc sahibkarlar üçün regional imkanları genişləndirir: "İslamda təhsil yalnız iqtisadi investisiya deyil. Bu, insan ləyaqətinə, məsuliyyətinə və cəmiyyətə xidmətə yönəlmiş investisiyadır. Məhz buna görə də Azərbaycanda gənclərə investisiya etmək, əslində, gənc sahibkarlara investisiya etmək deməkdir. Gənc sahibkarların daha böyük bazarlara çıxış əldə etməsi üçün onlara geniş imkanlar, yüksək mobillik və güclü ekosistemlər lazımdır. Regional əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bir-biri ilə bağlı mədəniyyətlərin, xalqların və bazarların qovuşduğu məkandır. Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkəmiz Orta Dəhliz boyunca mühüm nəqliyyat və ticarət qovşağı kimi mövqeyini gücləndirməkdə davam edir. Bu üstünlük ticarətin, investisiyaların, innovasiyaların və insanlararası əlaqələrin inkişafına mühüm töhfə verir".
Onun sözlərinə görə, gənc sahibkarlara dəstək gələcəyin iqtisadiyyatına investisiyadır: "IsDB mühüm bir həqiqəti çoxdan anlayıb və qəbul edib. Inkişaf yalnız layihələrin maliyyələşdirilməsi deyil, insanların potensialına investisiya qoyuluşudur. Bu insanlar təkcə öz ölkələrinin deyil, bütövlükdə regionun və dünyanın inkişafına töhfə verirlər. Peşəkar fəaliyyətimin ilk illərində mən IsDB-nin Gənc Peşəkarlar Proqramının iştirakçısı olmuşam. Bu, sadəcə peşəkar inkişaf proqramı deyildi. Hələ də xatırlayıram ki, Tacikistanın ucqar kəndlərində gənc sahibkarlar, xüsusilə qadınlar üçün İslam mikro-maliyyələşdirmə modellərinin qurulması istiqamətində çalışırdıq. Həmin təcrübə mənə göstərdi ki, gənclərə qoyulan investisiya maliyyə alətlərinin sərhədlərini aşan, uzunmüddətli və dayanıqlı nəticələr yaradır. Bu gün gənc liderlər bizim rəhbərliyimiz altında formalaşırlar, lakin onlar gələcəyi gözləmirlər. Onlara imkanlar məhz bu gün lazımdır və onlar gələcəyi elə bu gündən qururlar. Əgər biz bu missiyada uğur qazansaq, yalnız sərhədsiz bir gənclik deyil, həm də sərhədsiz imkanlar, innovasiyalar və rifah mühiti formalaşdıracağıq".