Daha bir ölkə sərt karantinə keçir

Bu barədə Berlində mətbuat konfransında kansler Angela Merkel deyib

Almaniya hökuməti dekabrın 16-dan yanvarın 10-dək ölkədə sərt karantin rejimi tətbiq edəcək.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Berlində mətbuat konfransında kansler Angela Merkel deyib.

"Noyabrın 2-dən qəbul etdiyimiz tədbirlər yetərli deyil. Almaniyada yenidən yeni yoluxma sayında artım müşahidə olunur. Təcili hərəkətə keçmək lazımdır. Hökumətin məqsədi göstəriciləri hər 100 min nəfərə 50 yoluxma səviyyəsinə endirməkdir", - deyə Merkel bildirib.

Sərt karantin dövründə ticarət mərkəzləri, gözəllik salonları, masaj salonları bağlanacaq. Banklar, apteklər, poçt şöbələri, yanacaqdoldurma məntəqələri, qəzet köşkləri, zoomağazalar isə fəaliyyətini davam etdirəcək.

Xüsusi hallar istisna olmaqla məktəblər və uşaq bağçaları bağlanacaq. Buraxılış sinifləri üçün xüsusi qaydaların hazırlanması planlaşdırılır.